18:40
Ermənistan vətəndaşlarından
ibarət terrorçu silahlı birləşmənin daha 26 üzvü barəsində cinayət işi məhkəməyə
göndərilmişdir
Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı
nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan
silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış
cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.
İstintaq nəticəsində
müəyyən edilmişdir ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin
26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz
olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin
şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13
dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə,
idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai
təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan
Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən
qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması,
onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və
başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış,
yanğın və digər terror əməlləri törətmişlər.
Məlumat verildiyi
kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət
işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə
baxılması üçün məhkəməyə göndərilmişdir.
Sadalanan
faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan
Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç
və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən
istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində
müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və
318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə
ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan
Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı
ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.