09:00
Azərbaycan xalqının İkinci Dünya
müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər,
kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə
abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə
Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə
göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək
rəşadəti dillər əzbəridir və bugünkü nəsillər üçün daim örnək olaraq
qalacaqdır.
Bu gün Qələbənin 76 illiyinin qeyd
edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər
göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa
xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək dünyanı
faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt
unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan
xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır. 170 mindən
çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər
həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani
sübutdur.