15:30
Livanlı muzdlu-terrorçunun cinayət işi üzrə istintaq yekunlaşmışdır
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad
olunması və ərazi bütövlüyünün bərpası naminə 44 günlük Vətən müharibəsi zamanı
xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər əldə
olunmuşdur.
Silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan
Respublikasının hərbi-siyasi rəhbərliyi hər cür cinayətkar əməllər törətməklə
yanaşı, beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq
muzdlulardan silahlı qüvvələrin tərkibində istifadə etməklə ordumuza və dinc əhalimizə
qarşı çoxsaylı təxribatlara əl atmışdır.
Belə ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və
qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında
birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına
qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, 1979-cu il təvəllüdlü, Livan
Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29
sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın
ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi
Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda
iştirak etmək təklifini qəbul etmiş, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil
dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə
olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər
muzdluların da olduğu ərazilərə gəlmişdir.
Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi
döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı birləşmələrin tərkibində qanunsuz olaraq əldə etdikləri odlu
silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan
Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak
etmişlər.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi
əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir
qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz
olaraq keçmə) və digər maddələrində nəzərdə
tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
05.05.2021-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək
baxılması üçün məhkəməyə göndərilmişdir.