11:15
DTX rəisi Gürcüstanda rəsmi səfərdə olmuşdur
27-28 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Gürcüstanın Dövlət
Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin dəvəti ilə bu ölkədə rəsmi
səfərdə olmuşdur.
Səfər çərçivəsində general-polkovnik Əli Nağıyev Ümummilli
Lider Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət etmiş, əziz xatirəsini
dərin ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşdur. Sonra şəhərin Qəhrəmanlar
meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə
ucaldılmış abidə ziyarət olunmuş, önünə əklil qoyulmuşdur.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol
Liluaşvili ilə keçirilmiş görüşdə regionda mövcud əməliyyat şəraiti və ona təsir
göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa
qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində
əməkdaşlığın daha da genişləndirilməsi, habelə dünyada ciddi siyasi-iqtisadi fəsadlara
səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdidlərə
qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı
digər aktual məsələlər müzakirə olunmuşdur.
Eyni zamanda, general-polkovnik Əli Nağıyev Gürcüstanın
daxili işlər naziri Vaxtanq Qomelauri ilə də görüşmüşdür. Tərəflər üçün əhəmiyyət
kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılmış, bölgədə təhlükəsizliyin
etibarlı təmin olunmasının, terrorçu və digər cinayətkar qruplara qarşı mübarizədə
birgə səylərin artırılmasının vacibliyi qeyd edilmişdir. Tərəflər bundan sonra
da hər iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın yüksələn xətlə
inkişaf edəcəyinə əminlik ifadə etmişlər.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir. Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazir İrakli
Qaribaşvili təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələrin davamlı inkişaf
etdiyini və bu əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına öz
töhfəsini verdiyini vurğulamışdır.
İsti qarşılanmaya və yüksək qonaqpərvərliyə, həmçinin təhlükəsizlik
sahəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üzrə məsələlərin
müzakirəsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Xidmət rəisi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstanın Baş
nazirinə çatdırmışdır. General-polkovnik Əli Nağıyev ölkələr arasında olan mövcud
münasibətlərin regional təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edərək
bundan sonra da müvafiq orqanların dövlətlərin milli təhlükəsizliyinə yönələn beynəlxalq
təhdid və hədələrə qarşı birgə mübarizə istiqamətində daim sıx əməkdaşlıq edəcəyinə
əminliyini bildirmişdir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarına görə minnətdarlığını
bildirmiş, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş
etmişdir.