10:00
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov məhkəmə qərarı ilə həbs olunmuşdur
Ölkədə
həyata keçirilən sistemli islahatlara mane olan, dövlətin qanunla qorunan mənafelərinə
zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan korrupsiya və digər əlaqəli
cinayət əməllərinə qarşı hüquqi mübarizə tədbirləri davam etdirilir.
Şəmkir Rayon İcra
Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ
keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə
yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən
kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.
Başlanılmış cinayət işi
üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra
Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir
rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844
min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu
Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə
məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir
şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində
qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu
Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət
əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, Alimpaşa
Məmmədovun Şəmkir rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı
“Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul
vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir
rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və
abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı
işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində
sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı
ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər
vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı
şübhələr müəyyən edilmişdir.
Alimpaşa Məmmədovun həmçinin
rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət
təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min
manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar
üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin
əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin
oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin
tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli
miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Alimpaşa Məmmədovun
xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin
siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər
aşkar edilərək götürülmüşdür.
Alimpaşa Məmmədov Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri
ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə
istintaq-əməliyyat tədbirləri davam etdirilir.