16:15
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi ilə bağlı tədbirlər keçirilmişdir
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il
mart ayının 23-də imzaladığı Sərəncama əsasən hər il mart ayının 28-i Azərbaycan
Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi
qeyd olunur.
Azərbaycan Respublikasının təhlükəsizlik
orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri
xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm
dövlət təsisatında milliləşmə prosesinin banisi Ulu Öndər Heydər Əliyevin əziz
xatirəsini ehtiramla yad etmiş və məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri
düzülmüşdür.
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının
unudulmaz xatirəsi yad edilmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Həmçinin Azərbaycan dövlətçiliyinin qorunması və torpaqlarının azadlığı naminə mübarizədə
həlak olmuş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi hörmətlə
anılmış, məzarları üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai
və Suraxanı rayon idarələrinin (Rİ) yeni inzibati binalarının təntənəli açılışı
olmuşdur.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, qeyd olunan rayon
idarələrinin şəxsi heyətləri, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Quliyev və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iştirak etmişlər.
Müasir standartlara və üsluba uyğun inşa
edilmiş yeni tikililərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildikdən
sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik
fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən
fotostendlərə baxmışlar. Daha sonra tədbir iştirakçıları binaların otaqları və əməliyyatçılar
üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar.
General-polkovnik Əli Nağıyev DTX-nin Xətai
və Suraxanı rayon idarələrinin yeni inzibati binalarının istifadəyə verilməsinə,
ərazi orqanları əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli
və peşəkar təşkil etmələri üçün davamlı olaraq yaradılan yüksək şəraitə, eləcə
də müasir maddi-texniki təminata və təchizata görə möhtərəm Prezident, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı Rİ-nin şəxsi heyətinə
tövsiyə və tapşırıqlarını vermiş, əməkdaşları bir daha təbrik edərək onlara xidməti
fəaliyyətlərində uğurlar arzulamışdır.