14:00
DTX-nin Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olmuşdur
Azərbaycan Respublikasının təhlükəsizlik
orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) Gəncə şəhər idarəsinin (Şİ) yeni inzibati binasının təntənəli açılışı
olmuşdur.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, İdarənin şəxsi heyəti
və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhərin hüquq
mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider
Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsinin önünə gül
dəstələri düzmüş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Sonra Gəncə Şİ-nin müasir üslubda və tələblərə
uyğun inşa edilmiş yeni inzibati və yaşayış binalarından, eləcə də təsərrüfat təyinatlı
tikililərdən ibarət kompleksin açılış mərasimi keçirilmişdir. Rəmzi qırmızı
lent kəsildikdən sonra tədbir iştirakçıları inzibati binanın foyesində müstəqil
Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə
ehtiramlarını bildirərək, abidəsi önünə gül dəstələri qoymuşlar. Həmçinin Xidmət
rəisi və digər iştirakçılar Ümummilli Liderin və Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini,
Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlər, inzibati
binanın otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olmuşlar.
DTX-nin kollegiya üzvlərinin, Gəncə Şİ-nin və
digər ərazi orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə
çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev
bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm
Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün
sahələrdə durmadan inkişaf edir və günbəgün daha da qüdrətlənir. Bunun parlaq
nümunəsi kimi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli
sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli
Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etmiş, Azərbaycanın çoxəsrlik
tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazmışdır.
Dövlətimizin başçısı tərəfindən xüsusi xidmət
orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik
Əli Nağıyev, DTX Gəncə Şİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də
məhz bu qayğının növbəti bariz göstəricisi olduğunu qeyd etmişdir. Xidmət rəisi
Gəncə Şİ-nin əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və
peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir
maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan cənab İlham Əliyevə
minnətdarlığını bildirmişdir.
Xidməti müşavirədə DTX Gəncə Şİ-nin və ətraf
rayon şöbələrinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulmuş, tələb və
tövsiyələr çatdırılmışdır. Sonra xidmətdə fərqlənən əməkdaşların
mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri elan
olunmuş və həmin hərbi qulluqçulara təltiflər təqdim edilmişdir.
Sonda general-polkovnik Əli Nağıyev Gəncə
Şİ-nin əməkdaşlarını bir daha təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar
arzulamışdır.