Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik tarixindən bəhs edən kitab işıq üzü görüb

rehberlik
Məqalələr 30 Dekabr 2020

Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik tarixindən bəhs edən “Azərbaycan təhlükəsizlik orqanları - 100 il. Təhlükəsizlik tariximizin səhifələrindən (1919-2019)” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, nəfis tərtibatlı kitabda ölkəmizin xüsusi xidmət strukturlarının yaranması tarixi barədə məlumat verilir, mənalı ömrünün 25 ilini Azərbaycanın təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin peşəkarlıq məktəbinin nümunələri təqdim olunur.

Nəşrdə Ulu Öndərin və onun siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşlərindəki nitqləri və təbrikləri, həmçinin bu mühüm dövlət təsisatının müasir tələblərə uyğun təkmilləşdirilməsi, inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə diqqət və qayğısını əks etdirən hüquqi aktlar yer alır.

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin, AZƏRTAC-ın və Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin materiallarından və fotoarxivindən istifadə edildiyi kitabın “Ön söz əvəzi”ndə qeyd olunur ki, müasir Azərbaycan dövlətçiliyi qədim və şanlı tarixi köklərə, yüz illər boyu nəsildən-nəslə ötürülən ənənələrə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin həmyaşıdı kimi Azərbaycan təhlükəsizlik orqanları da zəngin və kəşməkəşli yol keçib. 2019-cu ildə Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 ili tamam olub. Milli yaddaşda özünəməxsus yeri və rolu olan xüsusi xidmət orqanlarının təşəkkülü və formalaşması xalqımızın taleyi və inkişaf mərhələləri ilə sıx bağlıdır.

Vurğulanır ki, Azərbaycanda dövlət təhlükəsizliyinin təminatı sistemi ulu öndər Heydər Əliyevin vətənpərvərlik irsinə və peşəkarlıq məktəbinə əsaslanır. Ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr edən ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinin və amallarının yaşadılması Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin dəyişməz prinsipidir. Bu prinsipin əsasında dövlət müstəqilliyinin əbədiliyinin və dönməzliyinin qorunması, sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması, işğal altındakı ərazilərimizin azad edilməsi, ölkəmizin hərtərəfli inkişafı və daha da qüdrətlənməsi dayanır.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanına əsasən, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Yeddi hissədən ibarət nəşrin birinci hissəsində ölkəmizdə xüsusi xidmət orqanlarının Cümhuriyyət dönəmindən müstəqilliyin bərpasınadək olan dövrü əhatə edən tarixindən ətraflı bəhs olunur. “Heydər Əliyev - Azərbaycanın təhlükəsizlik orqanlarının milli mənafelərə xidmət edən dövlət təsisatı kimi formalaşması prosesinin banisi” adlı ikinci hissədə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ömrünün 25 ilini ölkəmizdə xüsusi xidmət orqanlarında xidmətə, bu sahənin inkişafına və milliləşməsinə həsr etmiş ulu öndər Heydər Əliyevin fəaliyyəti əksini tapır. Həmçinin Ümummilli Liderin əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında misilsiz rolu, dahi şəxsiyyətin 1960-1970-ci illərdə Azərbaycan əleyhinə yönəlmiş erməni-daşnak qüvvələrinin məkrli planlarına qarşı qətiyyətli mübarizəsi və digər məsələlər geniş işıqlandırılır.

“Heydər Əliyevin şanlı dövlətçilik irsi milli təhlükəsizliyin təminatı üçün tükənməz mənbədir” adlı hissədə Ulu Öndərin müstəqil Azərbaycanda milli təhlükəsizlik orqanlarının inkişafına bilavasitə diqqət və qayğısını əks etdirən materiallar yer alır.

Kitabın dördüncü hissəsi “Azərbaycanın milli təhlükəsizlik orqanları müasirləşmə və yeniləşmə dövründə” adlanır. Bu hissədə Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafına ali diqqət və qayğısından, xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşlərindən, bu sahənin ən müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söz açılır.

“Azərbaycan təhlükəsizlik orqanlarının tarixində yeni mərhələ” adlı hissədə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin milli maraqlarını qorumağa qadir olan güclü və ən müasir tələblərə cavab verən, milli birlik və həmrəylik, vətənpərvərlik və dövlətə sədaqət prinsipini rəhbər tutan xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti, beynəlxalq əməkdaşlığı ilə bağlı maraqlı məlumatlar oxuculara təqdim olunur.

Nəşrdə, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 illik səmərəli fəaliyyətindən və bu qurumun müharibə qurbanlarının taleyində oynadığı mühüm rolundan bəhs edilir. Eləcə də milli təhlükəsizlik orqanlarının əməkdaşları olan Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumat verilir, qurumun fəaliyyətinin ən müasir tələblər səviyyəsində təşkili, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər əksini tapır.

AZƏRTAC