12:05
Dekabrın 1-də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti
- Əziz həmvətənlər.
Böyük sevinc
hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan
xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad
olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu
qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə
bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın
bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən
qaytarmışıq.
Laçın rayonu
ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir.
Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim
milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində
mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz
laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı
verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali
yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki,
laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən
biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan
azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq.
Əlbəttə,
işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər
yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb,
inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq
biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı
üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə
başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır.
Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq
başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni
zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri
təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı
koordinasiya şəklində aparılacaqdır.
Laçın
rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir.
Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi
vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda,
işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində
böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi
düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində
yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb,
çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir.
Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş
ağacların bərpası da diqqət mərkəzində olacaqdır.
Onu da
bildirməliyəm ki, bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox olan Həkəri
çayının mənbəyi Laçın rayonundadır. Bu da böyük strateji əhəmiyyətə malik olan
məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi
işğaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək
istərdim. Çünki bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200
kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay
Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir,
uzunluğu 100 kilometrdən çoxdur. Bunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan
ərazisindən keçən bizim əsas çayların mənbələri başqa ölkələrdə yerləşir - Kür
çayı, Araz çayı, Samur çayı. Bizim bu 3 əsas çayımızın mənbələri başqa ölkələrdə
yerləşir. Əlbəttə ki, 4 böyük çayın mənbəyinin ölkəmizin ərazisində olması
böyük üstünlüyümüzdür. Ancaq bu ərazilər işğal altında idi. İndi bu ərazilər
işğaldan azad edilib. İşğaldan azad edilmiş torpaqların və orada həyatın bərpası
üçün əlbəttə ki, çay resurslarımızın çox böyük əhəmiyyəti olacaqdır. Artıq
müvafiq göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu,
özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox
böyük təsir göstərəcək amillərdən biridir.
Bütövlükdə
azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm
potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ
bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik
və əminəm ki, buna nail olacağıq.
Laçın
rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən
və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz
Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni
silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın
10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı
qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz
etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə
verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni
işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin
versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad
olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif
edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim
və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində
təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac
yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz
fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10
kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr
eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm
Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün
kifayət qədər məsafəni əhatə edir.
Onu da
bildirməliyəm ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın
rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ
həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi,
ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir.
Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın
mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı.
Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti
aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş
verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi.
Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər,
onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən
ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox
ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra
edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10
minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana
qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı
mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd
edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə
bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana
qalmalıdır.
Danışıqlar
prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı
məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana
qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz
idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı
idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə
Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana
qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon
Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini
tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda
iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq
fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon
qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması
üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada
keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir.
Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın
rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi,
özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan
məsələlər.
Mən deyə bilərəm,
bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə
siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz
müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ
müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın.
İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız,
Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq
Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.
Mən isə həmişə
deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma
ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən
deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə
variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində
bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm
beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində,
ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc
toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və
bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə
deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs
mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə
müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin
bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox
qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya
Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik
tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini
qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə
edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir.
Bir daha demək
istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək,
düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla
barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın
altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində,
kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı,
ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə
məşğul olsun.
Bölgəmizdə
yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı.
Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini
yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr
27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan
üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir,
BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr
torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq
praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik
Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz
işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik,
yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat
göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi
işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış
Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə
yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır.
Ona görə
Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə
zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında
azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər –
5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə,
buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən
artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya
tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın,
görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var.
Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin
əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu,
konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi.
Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir
məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm
döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə. Mən deyəndə
ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər düşmənin başını əzməsəydik,
o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək
istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna
da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə
atıldı bütün başqa eybəcər adlarla bərabər.
Laçın
rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm
ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı
imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı
olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının
işğal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistan bu dəhliz vasitəsilə
silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib
çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü.
Demək olar
ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm
ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə
gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar,
demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu
tarixi yaxşı xatırlayırıq. Bu gün Laçın rayonunu bir güllə atmadan, bir şəhid
vermədən işğaldan azad etmək böyük qələbəmizdir.
Mən bir daha
demək istəyirəm, - artıq onu demişəm, - onsuz da biz Laçını da, Kəlbəcəri də,
Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu
planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın
rayonlarının çox çətin relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə
gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakert
deyilirdi, orada ermənilər yaşayırdı. Başqa yol demək olar ki, yox idi. Biz
indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil olmuşuq. Xüsusilə qış
mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam,
həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola
bilərdi və böyük vaxt sərf olunacaqdı.
Ona görə
bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən
azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq
Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur.
Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün
Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək
istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların
yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz
indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30
kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt
sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ
yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.
Bu, gələcək
perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz
strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə
bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan
Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı
Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir.
Bu gün
Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar
gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər
var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri
nəzərdən keçirəcəyik. Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji
baxışlarımız var, bunlar artıq formalaşıb. Biz məqsədə çatmaq üçün ardıcıl surətdə
gedirik. Ermənistan rəhbərliyinin hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər.
Gah deyirdilər ki, Dağlıq Qarabağ “müstəqil dövlət”dir. Gah deyirdilər ki,
“Dağlıq Qarabağ Ermənistan”dır. Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa
bilər? Bu, nəyi göstərir? Onu göstərir ki, Ermənistan rəhbərliyi savadsız,
siyasətdən başı çıxmayan insanlardan ibarətdir. Yaxşı, bu, müstəqil dövlətdirsə,
onda sənin ordun orada nə iş görür? Əgər bu, müstəqil dövlətdirsə, - hansı ki,
heç kim tanımayıb, elə birinci Ermənistan tanımayıb, - o necə ola bilər ki,
Dağlıq Qarabağ Ermənistanın baş nazirinin sözləri ilə desək, “Ermənistandır və
nöqtə”. Ona görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu
idi bizim qarşımızda duran ölkə.
Əlbəttə, biz
bir daha görürük və artıq işğaldan azad edilmiş torpaqlarda olarkən bir daha
gördüm ki, onlar bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər. Əks-təqdirdə
o istehkamları qurmazdılar. Onlar əbədi saxlamaq istəyirdilər o torpaqları. Ona
görə o saxta xəritələri düzəldirdilər. Ona görə bizim şəhərlərimizə öz adlarını
verirdilər. Ona görə xaricdən erməniləri gətirib oraya yerləşdirirdilər. Hərbi
cinayət törədirdilər və cavab verəcəklər bütün cinayətlərə görə. Artıq işlər
praktiki fazaya keçibdir. Qiymətləndirmə prosesi tezliklə başlanacaq, vurulmuş
ziyan hesablanacaq. Artıq hüquqi müstəvidə addımlar atılır. Mən bunu artıq
bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki, detalları açmaq istəmirəm. Amma
bu, artıq niyyət deyil, bu, artıq praktiki addımlardır. Biz onları bundan sonra
da ifşa edəcəyik.
Azad edilmiş
torpaqlara xarici jurnalistlər dəvət olunur. Beynəlxalq media erməni vəhşiliyinin
nəticələrini işıqlandırır. Bu müddət ərzində Kəlbəcəri nə günə qoyduqlarını
işıqlandırır. Vəhşilər kimi gedib hər tərəfi söküb, yandırıb, talayıb, meşələri
yandırıb, kəsib. Özlərini burada, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim
edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz.
Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər,
daşı daş üstündə qoymayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı
istismar ediblər. Mənə verilən məlumata görə, orada on minlərlə hektarda taxıl əkilib,
xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata
görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın
işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub.
Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz
istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək. İndi onlar bundan məhrum
oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm
bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu
görmüşdüm ki, bir çox üzüm bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb.
Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyumuzdan
istifadə edirdi, elektrik enerjisi istehsal edirdi. Vəhşi kimi gəlib başqasının
torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin
adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix
yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara,
Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu
göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar
heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.
Biz isə
artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik.
Prezident
seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidlərim var idi.
Çünki danışıqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi tərəqqi əldə
edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar atılmışdı. İşğal edilmiş
torpaqların geri qaytarılması məsələsi bizi qane edirdi. Ancaq xalqların öz müqəddəratı
prinsipinin ərazi bütövlüyü prinsipi ilə bərabər səviyyədə tutulması bizi qane
etmirdi. Amma son illər mənim də, necə ki, Azərbaycan xalqının əksər hissəsinin
bütün ümidləri artıq tükənmişdi. Sadəcə olaraq, mən demişdim, bir daha demək
istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi
etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən
o zərbədən ayılmasın. Elə zərbə vurmalıyıq ki, düşmən bundan sonra daha baş
qaldırmasın. Bu müharibə bizim şanlı Qələbəmizdir. Biz fəxr edirik. Ancaq bizim
vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş
qaldırmasın. Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək
istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir
hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan
torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə,
heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə
məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni
müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar?
Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin
həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr
baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin
onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini,
onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə
heç kim qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq “Dağlıq Qarabağ
münaqişəsi” termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə
olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək
olar.
Biz müharibə
dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə
müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan
xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr
başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə
dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş
naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu.
Məhv edilmiş
Ermənistan ordusunun texnikaları:
Tank əleyhinə
vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2,
“YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu
məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan
ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300”
radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona”
radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa”
zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ”
zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket
kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki
raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1,
radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2
dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya
stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə.
Düşmənin məhv
edilmiş və qənimət götürülmüş texnikaları:
Özüyeriyən
artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət
götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi
götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi
avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət
götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb.
Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11
sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb,
toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv
edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük
avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.
Bunlar deməyə
əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində
yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də
pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar,
sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər
ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu
kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard
dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc
içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu
ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta
kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir.
Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini
necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər
bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə,
deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv
etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv
edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz
o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv
etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim
qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır.
Bildirməliyəm
ki, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan
xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən
noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə ikimiz
videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da imzalamışam. Bizim
Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu uyğunsuzluq buna görədir. Ona
görə, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Mən imzalanma mərasimindən
sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının diqqətinə çatdırdım və bir
daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında
bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu
Bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə
artıq münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək istərdim.
Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan
başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin
pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən
atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir.
İkinci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan
Respublikasına qaytarılır. Bu, təmin edildi. Üçüncü bənddə göstərilir ki,
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960
sayda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd
avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Bu, təmin edildi. Dördüncü bənddə göstərilir ki, bu Bəyanatın müddəti 5 ildir.
Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat
və bu razılaşma uzadılır. Bu, aydın məsələdir. Münaqişə tərəflərinin
razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə
nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər
də geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki,
bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb.
Sonra altıncı bənddə göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər
rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi,
Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun
bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin
bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa
şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti
altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30
kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin
yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan
çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində
Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni
hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun
mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə
tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi
hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə,
Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər
əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif
edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən
yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib
- 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik.
Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə
qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata
saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.
Yeddinci bənddə
göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf
rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında
geri qayıdır. Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın
bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələyə
artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında
həll olunacaqdır.
Səkkizinci bənddə
göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin
mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir - həm cəsədlərin
mübadiləsi, həm əsirlərin və girovların.
Doqquzuncu bənddə
göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan
Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə
maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb
rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik
Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni
nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim
nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə
olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki,
bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın
əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu
ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin
təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd
Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq.
Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə
həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki,
iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi
nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni
bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq
faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan
Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan
bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq
platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə
prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna
müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə
uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik
tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq. Bu doqquzuncu bənddə
göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı
Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla
Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi,
biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik.
Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir
bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir
bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik
və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı?
Bizik. Kim bu bəndi buraya salıb? Mən. Bu gün - dekabrın 1-də biz bu işlərin
artıq inkişafını görürük. Mən deyə bilərəm ki, artıq “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Horadiz-Zəngilan dəmir yolunun,
hansı ki, mənfur düşmən dağıdıb, təhlili aparılsın, ilkin hesablamalar
aparılsın. Eyni zamanda, Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana
etdiyi səfər çərçivəsində, o cümlədən dəmir yollarının bərpası məsələləri
müzakirə olunubdur. Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur,
100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə
edirik. Çünki Ermənistanda nə var ki, Ermənistanın özünün olsun? Ermənistan
beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O
tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib,
işğala görə. Nə qazandı? Heç nə. Bu vaxta qədər bütün lazımi tədbirləri gördük.
Nəqliyyat, energetika, iqtisadi əməkdaşlıq – bütün layihələri başa çatdırdıq.
Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir. Onun son hissəsi
olan TAP istifadəyə verilir. Ermənistan, haradasan? Kənarda qalmısan. Bu enerji
dəhlizi Ermənistandan yan keçir. Kim keçirdib? Biz. Amma mənim yadımdadır, biz
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu, – o vaxt mən Dövlət Neft Şirkətində
işləyirdim, – müəyyən edərkən bizə nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən.
Nə üçün Ermənistandan yan keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir.
O vaxt aparıcı Qərb ölkələri bizə şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən
çox asılı idik. Yadımdadır, erməni təbliğatı, erməni lobbisi və ermənipərəst
xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində Dünya Bankı bir il ərzində
bizə veriləcək vəsaitin verilməsini təxirə saldı, dayandırdı, müxtəlif bəhanələrlə,
guya ekoloji standartlar pozulur. Halbuki bu, cəfəngiyatdır.
Ermənistan,
haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin.
TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul
qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit
haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq,
bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı.
Biz nəqliyyatla,
energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik
enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi
var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran
nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən
30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində
işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan,
o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun
ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu
verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik.
Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid
etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında
duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə?
Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü
ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və
ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan
rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il
yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil.
Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz
təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq! Yeddi şərt qoyan
Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7
şərt? Getdi işinə. Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar
aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. “Dağlıq Qarabağ Ermənistandır və
nöqtə” - bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan
etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin
bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin nümayəndələri
indi ya məhv olublar, ya fərarilik ediblər. Özləri etiraf edirlər ki, 10 mindən
çox fərari var. Deyirdi ki, Şuşada - bizim tarixi, qədim şəhərimiz, bizim ürəyimiz,
canımız olan Şuşada bunlar qondarma “Dağlıq Qarabağın” parlamentini inşa edəcəklər.
Nə oldu o parlament? Vurduq dağıtdıq, məhv etdik. Cıdır düzündə sərxoş vəziyyətdə
rəqs edəndə fikirləşəydi axırı nə olacaq. Dərsini verdik. Öz bayrağımızı
ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü.
Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini
qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan
sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz
ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.
Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə.
İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də
var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu
xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir.
Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!
Mən müharibənin
ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan
xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş
şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki
bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan
xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap
balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda
olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin
nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata
keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün
doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı.
Bizim ölkəmiz
üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin
bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik
göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək
dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.
Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz
sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm
ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.
Mən bilirəm
ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə
gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir
gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə
belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir
gün də geri çəkilmədik. Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz
hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş
bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən
deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
Mülki vətəndaşlar
- 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən
yaralanıb. Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq
irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki,
biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə
qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik,
tərəqqi dövrü olacaqdır.
Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!