12:05
Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti
- Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Əziz kəlbəcərlilər,
gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan
xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il
aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə
qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Kəlbəcər
rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına
düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının
işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi.
Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı.
Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə
Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi
məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar
ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə
yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir.
Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər
təmin etmişdir.
Kəlbəcər
rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin
birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas
günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz
yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də,
torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola
bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın
işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti
onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik
həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran
yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara
gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt
etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət
kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət
çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra
bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə
repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik
addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz
dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi
ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını
vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin
işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da
bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana
kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O
adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil
olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə,
heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə
böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə
hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib
çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri
kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi -
komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət
etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş
və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında
keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik
gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir
dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə,
başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir?
Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə
naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz
bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə,
başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz
qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri.
Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə
maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri.
Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın.
Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul
olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı
islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və
faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz
yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar.
Əgər Heydər
Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan
torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz laxlamış
hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir
götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər
bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır?
Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan
Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil
kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə
heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli
ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar.
Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr,
Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan
Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər.
Kəlbəcər
bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi
baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri
bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir.
Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə
mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən
bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni
“tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər,
öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə
baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini
ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi
və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar.
Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi.
Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük
elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə
dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük
dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan
tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri
qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda,
Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri
yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi
qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət
tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə
bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə
qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə
baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə.
O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə
bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı,
bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq
kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna
heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq
heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu
cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən,
yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın.
Kəlbəcər
rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük
çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər
çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən
200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən
bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng
su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən
6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən
sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır.
Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı.
Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı
bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan
terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin
dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması,
çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən
başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su
anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi.
Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və
100 min hektara suyun verilməsi nəzərdə tutulur.
Kəlbəcər
rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi
var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb.
Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri
yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri
qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o
evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar,
orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını
öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha
deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində
əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.
Biz Kəlbəcəri
bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı
inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var.
Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu
ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur
olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə
qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb.
İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri
yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin
yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox,
bütün şəhərlər üzrə və həyat qayıdacaqdır.
Kəlbəcərdə mənfur
düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən
qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə
hərbi cinayətdir və Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni
məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə,
bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım,
Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil
ki, vəhşi qəbilə keçib oradan.
Biz isə
qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu
rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar
reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi
artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi -
Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik.
Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu,
tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin
içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu
edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar
Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər
verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki
addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq
insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı
şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm
olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir
daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin
iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin,
kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər
infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra
yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb.
İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.
Bizim əsgərlərimiz
görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib,
onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur
düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan
çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik
- ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik,
hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri
vaxtında görəcəyik.
Düşmən Kəlbəcərə
yeni eybəcər bir ad verib. Onlar “Dağlıq Qarabağ respublikası”nın xəritələrini
düzəltmişdilər. Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr, sadəcə olaraq,
kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini,
Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün 7 rayonu da aid etmişlər “Dağlıq
Qarabağ respublikası”na. Bu xəritələri dərc edirdilər, dərsliklərə salmışdılar,
sərgilərdə nümayiş etdirirdilər. Bu xəritələri onlar elə təqdim edirdilər ki,
budur “Dağlıq Qarabağ respublikası”. İndi nə qalıb o xəritələrdə? Heç nə. Azərbaycan
öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır.
Mən bir daha
danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki,
münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq
təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə
deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da
var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı
hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur.
Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki,
Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq
vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev
müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək
istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu
saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa,
deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, onların havadarları
daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə müharibə
aparacaqlar. Onlar, ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara
borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər
ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə
qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz
umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini
də demək olar ki, yanlış istiqamətə aparıb. Bu gün də hamıdan narazıdırlar. Bu
gün də hamıya qarşı iddialar irəli sürürlər ki, nə üçün bizi heç kim müdafiə
etmir. Sizi kim müdafiə etməlidir? Siz müstəqil ölkəsiniz, - əgər belə demək
mümkündürsə, - müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz
başqasının torpağını zəbt etmisiniz. Bir milyon insanı evsiz-eşiksiz qoymusunuz.
Bütün binaları, evləri, şəhərləri dağıtmısınız. Siz özünüzü vəhşilər kimi
aparmısınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin tərəfinizdə
deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər ki, bu
torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək.
Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Səhv etdilər. Heç vaxt
biz bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən Prezident kimi bu illər ərzində
əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də
daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində vətənpərvərlik, milli
qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə
daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs
bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq.
İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata
diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst
məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki
dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr
də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq.
Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq,
siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən
ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır.
Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və
buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim
torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə
vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı
dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə
demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd
ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə
düşməzdi. Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı,
Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd
rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında
düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin
azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki,
bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər.
Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub
bizim şərtlərimizi qəbul edib.
Müharibə bir
daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər
çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!