12:05
Noyabrın 20-də Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciəti
- Əziz həmvətənlər.
Mən sizi
Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm.
Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün
deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.
Ağdam
rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın
nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində
bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki,
məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin
hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq
norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən
verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə
etmişik.
Ağdam
rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal
edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur.
İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon
sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə
- bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq,
abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və
Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə
Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır.
İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada
bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman
Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu
obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki,
son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan
hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü
yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam
rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
İndi isə
Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş
torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən
işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə
qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız
hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün
infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi
düşmən tərəfindən dağıdılıb.
Mən orada o
dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu
torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər
ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara
qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində -
bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim
bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma
torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni
həyat qursunlar.
Biz Ağdam şəhərini
də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik.
Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri
planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər
lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən
kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək
planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur,
eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur.
Əslində,
bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni
yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat
fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət
etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa
yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin
ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları
bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik
bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda
göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki,
Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır.
Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və
kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.
Bu işlər
planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start
verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa
etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün
başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman
onların yanında olacaqdır.
Ağdamın
işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan
Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim
torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk
növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya
böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan
keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər.
Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir.
Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır,
həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində
bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və
digər amillər bu Qələbəni şərtləndirdi.
Ona görə
onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi
güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin,
kəndlərimizin adlarını dəyişdirməyəcəkdilər. Ağdama bir eybəcər ad veriblər,
Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə
qondarma “Dağlıq Qarabağ respublikası” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini
yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq
ictimaiyyətə təqdim edirdilər.
Mən bu məsələ
ilə məşğul olan vasitəçilərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin.
Siz indi bu məsələnin sülh yolu ilə həll olunmasından danışırsınız. Amma biz
bunun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir,
Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır,
bizim bütün tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan
məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ
respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar
bu qondarma quruma aid edilir. Ermənistan xarici dillərdə nəşr etdiyi
kitablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən işğal olunmuş bütün
torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak
edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs, necə olacaq, siz deyirsiniz
ki, bu, sülh yolu ilə həll ediləcək.
İndi nə oldu
bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur.
İndi Kəlbəcər rayonunu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri
dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstərirlər. Bütün beynəlxalq aparıcı
media qurumları bunu lentə alır və dünyaya yayır, biabır edir onları. Onlar özləri
özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim
qabağımızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar,
döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu?
Pərən-pərən oldu, vurduq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz
onu məhv etmişik. Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi.
Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu,
böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün
olmazdı.
Ağdamlılar
Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər
vermişlər. İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də cəsarətlə
vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə
bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin,
Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin valideynlərinə,
yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə
gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə,
zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa
versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır,
müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.
Beləliklə,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq
ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq
siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Bu torpaqların
abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə
işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən
böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı
işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil
edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl
rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan
istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək
olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız
hazırda tərtib edilir.
Müharibəyə gəldikdə,
bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin
Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar
özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub.
İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman
ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın
insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi
yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla
bilməz. Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru
erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar
oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar.
Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən
2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik
edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür
və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun
səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim
çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq.
Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı
qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə
yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan
faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi
onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə.
İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq
təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq
hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub
olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə
yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə,
bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox.
Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə
siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə
bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv
edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu
işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və
bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən
natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar
formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi
saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış
keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər
müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak
olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində
illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi,
budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on
milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub. İndi
Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri
özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər
müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə
deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında
özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən
ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur.
Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir.
Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində
reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin
salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar.
İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya
bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə
kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən,
bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının
səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə
də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər
düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar.
Mən nə üçün
bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu
qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş
Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son
qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik.
Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir
problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə
ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq,
biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar
atmışıq.
Biz onların
şəhərlərini dağıtmamışıq, halbuki dağıda bilərdik. Şuşanı götürəndən sonra Xankəndini
dağıtmaq nə böyük problem idi. Bir gün ərzində dağıda bilərdik. Biz etdikmi
bunu? Yox. Amma onlar nə günə saldılar bizim şəhərlərimizi. Ona görə bizim erməni
xalqı ilə problemimiz yoxdur. Bir daha demək istəyirəm ki, vahid Azərbaycan
dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni
xalqı. Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə?
Yox. Azərbaycan vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq
Qarabağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə
yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün
bu çirkin əməllərdən əl çəkməkdir.
O ki qaldı,
bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən
ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki,
guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq
Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə
qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə
operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və
bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə
bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir.
Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə,
bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri
var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal
edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90
min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə,
sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. “Mənə kömək
edin” onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq
inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək,
incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?
Biz
qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar
olubsa, o, bizim günahımız deyil. Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq.
Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz
var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda
mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini
məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular.
Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir.
Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər
mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də
balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı
soyqırımının təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub
etmişik? Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni
faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik,
dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan
verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı
atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və
heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim
qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində
şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb
ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən
deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə
nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm
lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə
qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç
kim bizi durdura bilməz.
Hazırda
Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı
qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki,
kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümü demək istəyirəm.
İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət,
özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib
çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda
sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər
qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim
heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu
bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma
bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu
bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib. Bütün layihələrimiz -
energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz
bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada
biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz
normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistanın
qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi
iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəm
ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran
bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz
hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları
öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə
dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına
imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı
öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib.
Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat
verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış
öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik
münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq
bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq
olar?
Biz isə
bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə
nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə
gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz
buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən.
Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək
mümkün deyil. Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə,
ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində,
kapitulyasiya aktıdır. Bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın
qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,
Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib,
o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu,
şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük
problemlər yaratdı. Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir?
Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs
olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox.
Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir
nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi
qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Yaxud da ki,
monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər.
Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa Şurası? Hanı sənin
rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda
repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub
edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi
çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var?
Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq.
Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox
eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa
Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar,
açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün
müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir
nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə
qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə
söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli
bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz. Böyük ölkələr, özlərindən
Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin.
Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir.
Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə.
Ermənistan
diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid
edib, Azərbaycanda xalq-iqtidar birliyi. Bax, budur fərq. Budur bizim gücümüz.
Bizim gücümüz birliyimizdədir. Güc və birlik. Yəqin, Azərbaycan xalqı
xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya
dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır,
“kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim
çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm.
Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və
beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik.
Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və
hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq
münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü
topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi
yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır.
Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq,
siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.
Mən bu gün
Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu
müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki,
hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni
tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın
qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi
imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma
torpaqlarına qaytaraq.
Əziz xalqım,
əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik
etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir!
Qarabağ Azərbaycandır!