16:05
Ermənistan 84 yaşlı erməninin nəşini ailə
üzvlərinə çatdırmaqdan imtina etmişdir
Məlumat verildiyi kimi, Hadrut
qəsəbəsində ermənilərin köməksiz buraxıb getməsi nəticəsində uzun müddət
qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə
aşkar olunan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın
vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-insani
davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina etmişdir.
Ürəyin xroniki işemiyası, böyrək
çatışmazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət
çəkən M.Melkumyan dərhal xəstəxanaya yerləşdirilmiş, onun sağlamlıq durumunun yaxşılaşdırılması
istiqamətində bütün zəruri tibbi prosedurlar həyata keçirilmiş və müvafiq
qaydada sənədləşdirilmişdir. M.Melkumyanın vəziyyətinin ağır olması BQXK-nın
həkim mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir. Görülmüş tədbirlərə
baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinmiş və xəstəliyi
ilə bağlı epikriz BQXK-ya təqdim olunmuşdur. Onun nəşinin BQXK-nın vasitəçiliyi
ilə verilməsi üçün ilkin razılığın əldə olunmasına və Azərbaycan tərəfindən
bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq
humanitar hüquq normalarına hörmətsizlik göstərmiş və M.Melkumyanın nəşini qəbul
edib həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina etmişdir.
M.Melkumyanı əsir götürülmüş şəxs kimi təqdim
etmək cəhdləri Ermənistanın özünün qeyri-insani hərəkətlərini ört-basdır etmək
üçün yalan kampaniyasının tərkib hissəsidir.