18:30
Birtərəfli qaydada mülki şəxs və 30 erməni hərbçisinin meyiti Ermənistan tərəfinə təhvil verilmişdir
Azərbaycan Respublikası Prezidentinin
tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi
birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı
qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi
85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə
Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil vermişdir. Hadrut
qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq
durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı
Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son
anda təhvil almaqdan imtina etmişdir.
Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nin vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil vermişdir.
Humanitar proses zamanı insident baş verməmişdir.