11:45
2020-ci
il oktyabrın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan
Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşmüşdür.
Dövlət
Komissiyasının sədri Əli Nağıyev Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi
təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu,
erməni tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik
niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv
edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırmışdır.
Əli
Nağıyev qeyd etmişdir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin
Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən
humanitar atəşkəsə riayət olunması razılığının əldə edilməsinə baxmayaraq,
Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir. Hətta
atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra işğaldan azad edilmiş
Suqovuşan ərazisində sanitar maşınının Ermənistan silahlı qüvvələri tərəfindən
atəşə tutulması nəticəsində bir tibb xidməti qulluqçusu ağır yaralanmışdır. Həmçinin
oktyabrın 11-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə
bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket
atəşinə məruz qalmış, nəticədə 5-i qadın olmaqla 10 nəfər
dinc sakin həlak olmuş, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər
yaralanmışdır. Vurğulanmışdır ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda
yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində
41 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmış, 1200-dən artıq şəxsi ev və
mülki obyekt dağıdılmışdır.
Həmçinin
Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirmişdir ki, Ermənistan hərbçilərinin
qətlə yetirilmiş Azərbaycan hərbiçilərinin meyitləri üzərində təhqiramiz
hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə
paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi
pozulduğunun sübutudur. Ermənistanın beynəlxalq humanitar hüquq normalarının,
insan hüquqlarının, həmçinin özünün də qoşulduğu 1949-cu il tarixli Cenevrə
Konvensiyalarının öhdəliklərinə məhəl qoymamasına baxmayaraq, meyitlərin
dəyişdirilməsi, əsir və girovların azad edilməsi daim Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət
mərkəzindədir və dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilmişdir.
Sonda
Komissiya sədri Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının
pozulmasına dair faktları xanım Arian Bauerə təqdim etmiş, BQXK-nı Ermənistan
tərəfindən humanitar hüquq normalarının pozulması faktlarına obyektiv qiymət
verməyə çağırmışdır.
Xanım
Arian Bauer BQXK və Dövlət Komissiyasının qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv
olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq
əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Qarşılıqlı
anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılmışdır.