Azərbaycan xüsusi xidmət orqanlarının tarixi

Heydər Əliyev və Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşdirilmə prosesi

Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz.

Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

Azərbaycanda 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra da, Azərbaycan SSR Fövqəladə Komissiyasında, Xalq Daxili İşlər Komissarlığında, Dövlət Təhlükəsizliyi Nazirliyində və nəhayət Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərən yeni nəslin bir sıra nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi ənənələrini inamla davam etdirmiş, öz xalqına, doğma vətəninə sədaqətlə xidmət etmişdir. Xalqın içərisindən çıxmış və onun ağrıları ilə yaşayan bu insanlar repressiyanın baş alıb getdiyi dövrlərdə belə mümkün olan hər vəchlə çalışmışlar ki, xalqımızın günahsız övladlarını Sovet imperiyasının qaçılmaz ölüm və sürgünlərindən xilas etsinlər.
Bu da danılmaz həqiqətdir ki, o vaxtkı sovetlər rejiminin mərkəzi hakimiyyətinin əli ilə təhlükəsizlik orqanlarında düşünülmüş surətdə yerləşdirilmiş, hər cür dona girməyə qadir olan, tarixi düşmənçiliklərini unutmayaraq soyqırımı siyasəti aparan erməni daşnakları və bolşeviklər xalqımızın minlərlə say-seçmə ovladlarına «xalq düşməni», «vətən xaini» damğası vuraraq, görkəmli elm, sənət, mədəniyyət xadimlərini, bir sözlə, milli düşüncə və əxlaqın daşıyıcıları olan mütəfəkkir şəxsiyyətləri fiziki və mənəvi məhvə məruz qoymuşlar. Ulu öndər Heydər Əliyevin təbirincə desək, 1920-1950-ci illərin təhlükəsizlik orqanlarının fəaliyyəti bizim xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkədir.
Ötən əsrin 50-ci illərinin ortalarından etibarən şəxsiyyətə pərəstişin – stalinizmin ifşası və bununla əlaqədar repressiv aksiyalara, eləcə də siyasi terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Məhz bu dövrdən başlayaraq respublikanın təhlükəsizlik orqanlarında yeni ab-hava yaranmağa başladı.            
Milli kadrlara belə bir ögey münasibət olduğu dövrdə xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətinə nəzər yetirdikdə görərik ki, öz yüksək intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə həmkarlarından seçilən bu böyük insan təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər görmüşdür. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərmişdir.
Məhz bu dövrdən başlayaraq Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görülmüş və gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında ulu öndərin böyük xidmətləri olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi.

Məhz o illərdən başlayaraq bu strukturda ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.
Ötən əsrin 80-cı illərinin sonu 90-cı illərin əvvəllərində totalitar sovet rejiminin bilavasitə süqutuna, bu siyasi-coğrafi məkanda azadlıq mücadiləsini gücləndirərək digər respublikalara da müstəqillik və azadlıq ab-havasını gətirən Azərbaycan xalqı bədxah qonşularımız və onların havadarları tərəfindən hərbi təzyiqlərə və təcavüzə məruz qaldı. Torpaqlarımız uğrunda mübarizədə millətin qeyrətli oğul və qızları ölüm-dirim döyüşünə qalxaraq əsl fədakarlıq nümayiş etdirdilər. Vətən uğrunda müharibədə öndə gedənlərin sırasında digər hüquq mühafizə orqanlarının dəyərli və igid mübarizləri ilə yanaşı, təhlükəsizlik orqanlarının əməkdaşları da böyük şücaətlər göstərdi, qəhrəmanlıq dastanı yaratdılar. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən onlarla əməkdaşımız şəhidlik zirvəsinə yüksəlmiş, onlardan altı nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.