Azərbaycan xüsusi xidmət orqanlarının tarixi

Azərbaycanın ilk xüsusi xidmət orqanları

Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhvələrini vermişdir. 

Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

Azərbaycanın dövlət institutları sırasında özünəməxsus yeri və rolu olan təhlükəsizlik orqanlarımızın tarixini şərti olaraq üç dövrə  - cümhuriyyət, sovet və müstəqillik illərinə bölmək olar. Bu dövrlərin içərisində ilk təhlükəsizlik orqanının təşəkkülü, formalaşması və fəaliyyəti tarixi təhlil və tədqiqat baxımından daha az öyrənilməsinə baxmayaraq, milli yaddaşın ən mühüm tərkib hissələrindəndir.
Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Belə ki, o vaxtlar Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş denikinçilərin, bolşeviklərin, ermənilərin və sair qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı ciddi maliyyə imkansızlığı, kadr potensialının çatışmazlığı, daxili siyasi yekdilliyin olmaması, hər tərəfdən göstərilən hərbi təzyiqlər və sairə bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı.
Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını, təsərrüfat və təminat qayğılarını daha da gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 26-da Ərkani-hərb (Baş qərargah) təsis edildi. Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 28-də Səməd bəy Mehmandarovun və Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrdə göstərilirdi ki, mart ayının 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş İdarəsi yaradılıb. Həmin idarənin strukturuna daxil olan şöbələrdən biri General-kvartirmeyster adlanırdı. Bu şöbəyə daxil idi: Əməliyyat-səfərbərlik, Nizami-hesabat, Kəşfiyyat və əks-kəşfiyyat bölmələri və Rabitə xidməti.
«Kəşfiyyat və əks-kəşfiyyat»ın Hərbi Nazirlikdə yalnız bir bölmə olaraq fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar mütəxəssislərin olduqca azlıq təşkil etməsi ictimai-siyasi həyatın bir çox sahələrində olduğu kimi əks-kəşfiyyat işini də genişləndirməyə və inkişaf etdirməyə nəinki imkan vermirdi, hətta mane olurdu. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il aprel ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi «düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir». Səməd bəy Mehmandarovun məruzəsindən və bölmənin adından da aydın olur ki, bu qurum öz üzərinə həm kəşfiyyat, həm də əks-kəşfiyyatın funksiyasını götürmüş və hər iki işi paralel aparmışdır. 

Azərbaycana təhdidlərin artdığı, müstəqilliyin təhlükə altında olduğu bir vaxtda kiçik bir qurumla böyük işlər görmək və ölkənin hərbi, ümumən dövlət təhlükəsizliyini təmin etmək olduqca çətin idi. Azərbaycanı işğal və ya özünə tabe etdirmək istəyən qüvvələrin, xüsusilə, general-mayor Anton Denikinin rəhbərlik etdiyi keçmiş çar ordusunun qalıqlarından formalaşmış silahlı birləşmələrin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda Azərbaycan üçün ciddi təhlükəli idi. Denikinçi zabitlər çar Rusiyasının mundirində Bakının küçələrini dolaşır, Denikinin xeyrinə təbliğat aparır, ağqvardiyaçıları müdafiə edən könüllü ordunun sıralarını genişləndirir, təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədi ilə yenicə yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə daxil olurdular. Azərbaycanda belə şəxslərdən ibarət geniş casus şəbəkəsi qurmağa nail olan Denikin və onun tərəfdarları Bakıda gizli silah-sursat bazaları da yaradırdılar. Bu isə gərginliyi daha da artırırdı.
İlk təhlükəsizlik orqanlarımızın gənc əməkdaşlarının səyləri ilə həmin bazalardan biri Balaxanı və Krasnovodsk küçələrinin tinindəki evin zirzəmisində tapılmışdı. Buradan çoxlu sayda tüfəng, qumbara, patron və sair aşkara çıxarılmışdı. Görülmüş əməliyyat tədbirləri nəticəsində Denikinin casus şəbəkəsində təmsil olunanların bir qisminin hətta ingilis kəşfiyyatına işləməsi də müəyyən edilmişdi.
Əks-kəşfiyyat bölməsinin qarşısında duran əsas vəzifələrdən biri də hakimiyyətə can atan bol­şe­vizmlə mübarizə idi. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi onların Bakıda, Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində dövlət əleyhinə fəallığını artırmışdı. Əks-kəşfiyyat bölməsinin vətənpərvər əməkdaşları Azərbaycan silahlı qüvvələrinə nüfuz etməyə çalışan bolşeviklərə qarşı mübarizəni gücləndirsələr də, həm kadr çatışmazlığı, həm də maddi-texniki təchizatın zəif olması bu işin öhdəsindən yetərincə gəlməyə imkan vermirdi. Bu barədə Səməd bəy Mehmandarov yazırdı: «Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz».
Göründüyü kimi, ölkədə ictimai-siyasi, hərbi vəziyyətin gərgin olduğu, xarici təhdid və təzyiqlərin gücləndiyi, Denikin ordusunun, ingilislərin, eyni zamanda erməni-daşnak və bolşevik qüvvələrinin Azərbaycanın əleyhinə işlədiyi bir vaxtda müstəqil təhlükəsizlik orqanına xüsusi eh­ti­yac duyulurdu. Ona görə də tərkibinə Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil olmaqla 1919-cu il iyunun 9‑da Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul edildi. Dövlət Müdafiə Komitəsi xüsusi səlahiyyətlərə malik olan bir orqan idi. Bu Komitə ölkədə ümumi hərbi səfərbərlik keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, xüsusi könüllü dəstələr yaratmaq, ölkənin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə və müvafiq qərarlar qəbul etmək, ölkənin təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş digər vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə yeni strukturlar yaratmaq və sair hüquqlara malik olan bir struktur idi.
Azərbaycan par­la­menti 1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında xüsusi xidmət orqanı olan  - Əks­in­qilabla Mübarizə Təşkilatının ya­ra­dıl­ması barədə qərar qəbul etdi.
Vaxtilə Əksinqilabla Mübarizə Təşkilatının rəisi işləmiş, lakin sonradan Türkiyəyə mühacirət etməyə məcbur olan Nağı bəy Şeyxzamanlı (1883-1967) İstanbulda 1964-cü ildə çap etdirdiyi «Azərbaycanın istiqlal mücadiləsinin xatirələri» kitabında belə bir təşkilatın yaradılmasının səbəblərini bu cür izah edirdi: «Əksinqilabla Mübarizə Təşkilatının yaradılmasına səbəb cümhuriyyətimizin ilk illərində çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, tez-tez hüquqlarımızı zorlaması və müxtəlif hadisələr törətməsi olmuşdur. Ona görə də hökumətimiz Əksinqilabla Mübarizə Təşkilatının layihəsini hazırlayıb parlamentə təqdim etdi. Layihə məclisdə böyük səs çoxluğu ilə qəbul olundu».
Əksinqilabla Mübarizə Təşkilatının Əsasnaməsinə uyğun olaraq bu qurum tərəfindən Azərbaycan dövlətçiliyinə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyaları keçirmək cəhdlərində, dövlət əhəmiyyətli obyektlərə, eləcə də hakimiyyətə qarşı silahlı müqavimət göstərməkdə, casusluqda və s. şübhəli bilinən şəxslərin həbsi zamanı yerli polis və əlaqədar orqanların nümayəndələri də dəvət olunurdu. Əksinqilabla Mübarizə Təşkilatının başlıca vəzifələri əsasən bunlardan ibarət idi: dövlət quruluşunun devrilməsinə yönəlmiş, əhali arasında şifahi və ya mətbuat vasitəsi ilə dövlət əleyhinə təşviqat aparan şəxslərin, hökumətin fəaliyyəti və hərbi hissələrin əməliyyatlarına, milli təhlükəsizliyə dair yalan məlumat və şaiyələr yayan, əhalinin ayrı-ayrı təbəqələri arasında milli və digər zəmində münaqişələr yaradanların, hakimiyyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, siyasi  xarakter  daşıyan, hər cür toplantı və iclasların təşkilatçılarının, hər növ odlu silah, döyüş sursatı və partlayıcı maddələrin anbar və gizli saxlanma yerlərinin aşkar olunması, şübhəli şəxslərin ilkin həbs edilməsi və sair.
Əksinqilabla Mübarizə Təşkilatının kadr tərkibi müxtəlif partiya və millətlərin nümayəndələrindən ibarət idi. Yeri gəlmişkən qeyd edək ki, Əksinqilabla Mübarizə Təşkilatına xidmətə qəbul zamanı namizədlər xüsusi yoxlamadan keçmədən (çox vaxt hər hansı bir şəxsin təqdimatı və ya zəmanəti kifayət edirdi) işə götürülürdü. Məsələn, işə qəbul edilməsi ilə əlaqədar Mirzəbaba Sadıqov adlı şəxs tərəfindən yazılmış xahişnamənin üzərində Nağı bəy Şeyxzamanlı belə bir dərkənar qoymuşdur: «1919-cu il sentyabrın 10-dan işə götürülsün». Maraqlıdır ki, həmin dərkənarda konkret olaraq gün göstərilir və elə həmin gün də namizədi işə götürürdülər. Əmrdə oxuyuruq: «Mirzəbaba Sadıqov 10 sentyabr 1919-cu ildən Əksinqilabla Mübarizə Təşkilatının agenti təyin edilsin».
Əksinqilabla Mübarizə Təşkilatının əməliyyat heyəti ştata uyğun olaraq agent və baş agent vəzifələrindən ibarət idi. Fəaliyyət göstərdiyi 1919-cu il iyunun 11‑dən 1920-ci il martın 6‑dək olan dövrdə bu təşkilatda yüzdən çox əməkdaş çalışmışdı. Azərbaycanın milli təhlükəsizliyini müdafiə edən bu təşkilatda 6-7 millətin nümayəndəsi işləyirdi. Maraqlıdır ki, bunlar arasında erməni millətinin nümayəndələri yox idi.
Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəylinin əmri ilə Əksinqilabla Mübarizə Təşkilatının ilk rəisi parlamentin üzvü Məmmədbağır bəy Şeyxzamanlı (1880-1920), onun müavini isə «Hümmət» partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdilər. Lakin, Məmmədbağır bəy Şeyxzamanlı parlamentin üzvü olaraq, aqrar komissiyasında fəaliyyət göstərdiyindən avqustun 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdi. Həmin tarixdən isə onun yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunmuşdu.

Denikinçilərin 1919-cu ilin payızında həm şimaldan, həm də Xəzər dənizindən ehtimal olunan hücumunun qarşısını almaq, Bakının müdafiəsini təşkil etmək üçün Dövlət Müdafiə Komitəsinin 1919-cu il sentyabrın 13-də keçirdiyi iclasda böyük əhəmiyyətə malik olan hərbi struktur - Bakı İstehkamat hissəsi (Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonu) yaradıldı. Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun rəisi vəzifəsinə general-mayor Murad Girey Tlexas təyin edildi. 1919-cu il oktyabrın 26-da Əksinqilabla Mübarizə Təşkilatı da Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonuna tabe edildi. Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonu və onun struktur bölmələri yalnız denikinçilərə deyil, eyni zamanda daşnak-bolşevik təcavüzünə qarşı da mübarizə aparırdı. General-mayor M.Tlexas 1920-ci il fevralın 28-də yazırdı ki, siyasi mənsubiyyətindən asılı olmayaraq dövlət və ictimaiyyət üçün təhlükə yaradan bolşeviklərin şəhərdən çıxarılması məqsədi ilə qətiyyətli tədbirlər görülür.
Əksinqilabla Mübarizə Təşkilatının fəaliyyət istiqamətləri müxtəlif sahələri əhatə etmiş və bu özünün hüquqi əsasını «Azərbaycan Respublikasının əks-kəşfiyyat xidmətinin məmurlarının hüquq və vəzifələri barədə Əsasnamə»də tapmışdır. Həmin Əsasnamə Əksinqilabla Mübarizə Təşkilatı Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonuna tabe etdirildikdən sonra qəbul olunmuşdur. Təşkilatın əməkdaşları casusların və onların qurumlarının, həmçinin, öz fəaliyyəti ilə Azərbaycana düşmənçilik mövqeyində duran, dövlət hakimiyyətinə qarşı qiyamda, xəyanətdə iştirak edən, vəzifəli şəxslərin həyat və azadlıqlarına qəsd edən, hakimiyyətə silahlı müqavimət göstərən şəxslərin aşkarlanması, sərnişin gəmilərinin qəbulu, sənədlərin yoxlanılması, şübhəli şəxslərin saxlanılması, ictimai-siyasi vəziyyətə nəzarət və bu kimi digər səlahiyyətlərə malik idilər.
Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının əsas vəzifələrindən biri də ölkədəki qanunsuz silahlı birləşmələrin ləğvi, onlarda, eləcə də əhalidə olan icazəsiz silahların yığılması və müsadirə edilməsi idi. Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşı olmuş Əli Razi Şamçızadə Salyandan öz rəisinə ünvanladığı sənəddə ermənilərdən 12 ədəd odlu silah və 565 ədəd işarəverici fişəngin götürüldüyünü məruzə edirdi. Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşları digər dövlət strukturlarının qüvvələri ilə birlikdə mart qırğınlarının əsas təşkilatçılarından olan Bakı milyonçusu, qatı cinayətkar Stepan Lalayevi və onun bir qrup tərəfdarını da həbs etməyə müvəffəq olmuşdu. 
Erməni radikal siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qrupları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə qarşı təxribatlar törətdiyindən xüsusi xidmət orqanları onlara qarşı fasiləsiz mübarizə aparırdı. Daşnaklar çirkin niyyətlərini həyata keçirmək və müstəqilliyini yenicə əldə etmiş gənc respublikada sabitliyi pozmaq məqsədi ilə müxtəlif yerlərdə toplantılar keçirərək daim Azərbaycan əleyhinə təxribat və təbliğat-təşviqat işi aparırdılar. Ona görə də ermənilərin bu qurumları Əksinqilabla Mübarizə Təşkilatının nəzarət etdiyi əsas obyektlər olmuşdur. Maraqlıdır ki, Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar Əksinqilabla Mübarizə Təşkilatı tərəfindən saxlanılmış və həbs edilmiş şəxslərin əksəriyyəti ermənilər idi. Bunun üçün həbs edilənlərin siyahısına nəzər salmaq kifayətdir: Qriqori Babayants, Andrey Balayants, Danil Musaelyants, Ağacan Avakyants, Sərkis Melikyants, Georgi Melik-Qayakasov, David Abramyans, Soqomon Balayants, Sergey Arzumanyants, Petros Sarkisyants, Martiros Mirzoyants, Baqret Ohancanyan, İvan Avanesov, Mixail Ter-Zaxarov və başqaları. Erməni casusları əldə etdiyi məlumatları həm denikinçilərə, həm bolşeviklərə, həm də ingilislərə ötürürdülər.
Həmin ərəfədə bolşeviklər daha da fəallaşmış, onlar ayrı-ayrı yerlərdə gizli yığıncaqlar keçirir və xalq cümhuriyyətinin əleyhinə müxtəlif məzmunlu təbliğat aparırdılar. Əksinqilabla Mübarizə Təşkilatı, eləcə də onun Balaxanı-Sabunçu rayon bölməsi öz işini həm də bu istiqamətdə qurmuşdu. Həmin bölmədən Əksinqilabla Mübarizə Təşkilatının rəhbərliyinə göndərilən raportdan məlum olur ki, 1920-ci il fevralın 3-də Sabunçudakı fəhlə klubunda keçirilən iclasda Aleksandr Kostinski adlı bolşevik fəalı belə bir məsələ irəli sürmüşdür: «İndiki hökumət bizə lazım deyil. Bu yaxınlarda bolşeviklər gələcək, biz onda öz gücümüzü göstərəcəyik». Təhlükəsizlik orqanının həmin yerli bölməsi bolşeviklərin hansı istiqamətlərdən Azərbaycana hücum edəcəklərini də müəyyənləşdirə bilmişdir. Daxil olan məlumatlarda bildirilirdi ki: «1920-ci ilin 24 fevralında Sabunçudakı fəhlə klubunda fəhlələrin gizli yığıncağında «bolşeviklərin üç - Krasnovodsk, Həştərxan və Rostov istiqamətlərindən gəlməsi gözlənilir. Ona görə də yatmamalı, ayıq olmalı və hakimiyyəti ələ almalıyıq» - çağırışları getdikcə daha çoxalır. 
Göründüyü kimi, Azərbaycan milli dövlətçiliyinə qarşı ermənilərdən başqa, daha bir qorxulu qüvvə bolşeviklər idi. 1919-cu ilin sonlarından etibarən Bakıda bolşeviklərin Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyəti daha da gücləndi. Nəsib bəy Yusifbəyli bolşevik təbliğatlarının qarşısını almaq məqsədi ilə 1919-cu il noyabrın 23‑də bolşevik yönümlü nəşrlərin dayandırılması haqqında bütün mətbəələrdən iltizam alınması barədə göstəriş verərək bildirirdi ki, tapşırığı yerinə yetirməyən mətbəələr müsadirə ediləcək, sahibləri isə həbs olunacaqdır.
Bolşeviklərin fəaliyyəti 1920-ci ilin əvvəllərindən yeni vüsət aldı. Gənc Azərbaycan Xalq Cümhuriyyətinin hüquq mühafizə və xüsusi xidmət orqanları bütün səylərini bolşevizmlə mübarizəyə yönəltsə də, vəziyyət gündən-günə kəskinləşirdi.
1920-ci ilin aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı, özünün 23 aylıq ömrünə son verdi. Bununla da müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları ilə yanaşı, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin güc strukturlarını və burada fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyətini isə sovet totalitar rejimi öz repressiya məngənəsində məhv etdi.
Zaman baxımından qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarımızın fəaliyyəti tariximizin, milli yaddaşın şərəfli səhifələrindəndir.
Bu gün təhlükəsizlik orqanlarının şəxsi heyəti öz kökünə, keşməkeşli və mübarizələrlə dolu tarixinə ehtiramla yanaşır, sələflərinin keçdiyi çətin mübarizə yolunu inamla davam etdirirlər. Bu şanlı yolun baniləri Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarov, Baş qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç və xüsusi xidmət orqanlarının ilk rəhbərləri Məmmədbağır və Nağı bəy Şeyxzamanov qardaşları olmuşdur.