Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev

adına Akademiyasının "Şöhrət" muzeyi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılmışdır.
Unikal məzmuna və nəfis tərtibata malik olan "Şöhrət" muzeyini, eləcə də Ümummilli Lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı açmışdır.
"Şöhrət" muzeyi ilə yaxından tanış olan Prezidentimiz möhtərəm İlham Əliyev muzey haqqında ürək sözlərini xatirə kitabına yazmışdır.
"Şöhrət" muzeyinin eksponat və stendlərində olan nadir fotoşəkillər, sənədlər, arxiv materialları, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, əbədi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işləri, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir. Bu baxımdan "Şöhrət" muzeyi respublikamızda Ulu öndərin zəngin və mənalı həyatını və fəaliyyətini əks etdirən unikal muzeylərdəndir.

Heydər Əliyev muzeyinin eksponatları ulu öndərin həyat və fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Gənc yaşlarından taleyini təhlükəsizlik orqanları ilə bağlayan Heydər Əliyev ən yüksək zirvələri fəth etmişdir. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi bütün dünyada böyük hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Prezidenti kimi ölkəmiz üçün həlledici, taleyüklü anlarda həmişə cəsarət, müdriklik, vətənpərvərlik nümayiş etdirmişdir. Onun həyat və fəaliyyəti hamımız üçün örnəkdir.
Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Eyni zamanda, təhlükəsizlik orqanlarında işlədiyi dövr bizim üçün həmişə çox əziz idi. Ən kiçik vəzifədən Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, general rütbəsi almış ulu öndər Azərbaycanda təhlükəsizlik orqanlarının formalaşmasında və möhkəmləndirilməsində müstəsna rol oynamışdır.
Bu gözəl muzeyi yaradanlara öz təşəkkürümü bildirirəm. Təhlükəsizlik orqanlarının bütün əməkdaşlarına dövlət maraqlarımızın qorunmasında yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2006-cı il


"Şöhrət" muzeyinin ekspozisiyaları

"Şöhrət" muzeyində dahi şəxsiyyətin örnək ömür yolunu dolğun və ətraflı çatdıran dəyərli ekspozisiyalar şərti olaraq dörd mərhələni əhatə edir: Uşaqlıq və gənclik dövrü; Dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövr; Azərbaycana rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; Müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.

"Uşaqlıq və gənclik dövrü" bölümü. Bu bölümdə Ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvan torpağının bənzərsiz təbiət möcüzəsi olan və özünün də çox sevdiyi İlanlı dağın, ata evinin, dahi şair Puşkinin adını daşıyan doğma küçəsinin, valideynlərinin, bacı və qardaşlarının fotoşəkilləri nümayiş olunur. Eksponatlar arasında Ümummilli Liderimizin maraq dairəsinin genişliyindən xəbər verən məktəb illərində dram dərnəyində ifa etdiyi rollardan birinə aid fotosu, eləcə də 1942-ci ildə Naxçıvanda ilk Maarif Komissarı olmuş Mirzə Əbdülvahabın 12 yaşlı qızı Zərifənin Heydər Əliyev tərəfindən çəkilmiş şəkili yer almışdır. Burada, həmçinin, Heydər Əliyevin 1938-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda təhsil aldığı vaxtlarda sevimli müəllimləri, tələbə yoldaşları, gənclik illərinin dostları ilə çəkilmiş fotoşəkilləri, əla qiymətlərlə təhsil aldığını göstərən attestatın surəti, hələ o dövrlərdən daim mütaliə etməyi xoşlayan Ümummilli Liderin sevimli şair və yazıçılarının bəzilərinin fotoşəkilləri əksini tapmışdır.

"Dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövr" bölümü. Ümummilli Lider Heydər Əliyevin həyatının 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyəti işıqlandırılmış bu ekspozisiyada nadir fotolar və arxiv materialları işıq üzü görmüşdür. Dövlət təhlükəsizlik orqanlarında xidməti dövründə Ümummilli Liderimizin rəhbərliyi və bilavasitə iştirakı ilə yüksək səviyyədə keçirilmiş əsk-kəşfiyyat, əməliyyat oyunları - "Duel", "Alagöz", "Naturalist", "Duqlas", "İzuver", "Axito" və s. indi də hər bir əməliyyatçı üçün əsl peşəkarlıq nümunəsidir.
Bu bölümdə qeyd edilənlərlə yanaşı, aşağıdakı stendlər və eksponatlar nümayiş etdirilir:
- 1949-1950-ci illərdə Heydər Əliyev Leninqradda Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi ali məktəbində təhsili, həmin ali məktəbə qəbul edilməsi barədə əmr və məktəbi əla qiymətlərlə bitirməsi haqqında şəhadətnamə, ona məktəb rəhbərliyi tərəfindən verilmiş xasiyyətnamə;
- Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR dövlət təhlükəsizlik orqanlarının rəhbəri təyin olunmuş və bu orqanda ilk general-mayor ali hərbi rütbəsi almış azərbaycanlıdır;
- 1967-1969-cu illərdə Azərbaycan SSR DTK-nın sədri olan Heydər Əliyevin iş otağı, yazı masası, saat, kreslo, stolüstü lampa, telefonları, kitab rəfi, oxuduğu kitablar, iri divar xəritəsi;
- Heydər Əliyevin general-mayor hərbi forması;
- Ulu öndərin dövlət təhlükəsizlik orqanlarında qüsursuz xidmətinin və fəaliyyətinin göstəricisi olan, həmin dövrlərdə ona verilən saysız-hesabsız orden, medallar və digər təltiflər.

"Ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr" bölümü. 1969-1982-ci illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə respublikanın bütün şəhər və kəndlərində, ictimai həyatın bütün sahələrində gedən böyük quruculuq işləri, yeni fabrik və zavodların açılması, su kəmərlərinin, elektrik stansiyalarının tikilməsi, neft və qaz sənayesinin, kənd təsərrüfatının inkişafı, azərbaycanlı gənclərin SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərilməsi, Böyük Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsi, milli-mənəvi irsin qorunub-saxlanması və s. barədə geniş və maraqlı məlumatları əks etdirən fotoşəkillər nümayiş olunur.

Ekspozisiyaya, həmçinin, Ulu öndər Heydər Əliyevin 1982-1987-ci illərdə SSRİ-nin rəhbərliyində fəaliyyəti ilə bağlı aşağıdakı istiqamətlərdə çoxlu sayda maraqlı foto və arxiv materialları daxil edilmişdir:
- 1982-ci ildə Heydər Əliyevin Sovet İttifaqı KP MK Siyasi Bürosunun üzvü seçilərək, Moskvada yüksək dövlət vəzifəsinə irəli çəkilməsi;
- Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə Vətəni Azərbaycana, xalqına əvvəlkindən daha artıq məhəbbətlə xidmət göstərməsi;
- Heydər Əliyevin SSRİ-də maşınqayırma, yüngül sənaye, nəqliyyat, rabitə, eləcə də elm və səhiyyə, mədəniyyət və təhsil kimi sahələrə rəhbərlik etməsi;
- Şərqi Sibir və Uzaq Şərqin istehsal qüvvələrinin inkişafında mühüm rol oynamış Baykal-Amur magistralının gerçəkləşməsində Heydər Əliyevin fəal iştirakı və bu layihəyə rəhbərlik etməsi.
"Müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü" bölümü. Ekspozisiyada 1990-1993-cü illəri əhatə edən stendlər Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında həmin dövrdə Naxçıvanda həyata keçirilmiş böyük quruculuq işlərini özündə əks etdirir. Belə ki, ekspozisiyaya daxil edilmiş material, sənəd və fotoşəkillər Ulu öndərin hərtərəfli bilik və bacarığı, fenomenal siyasi idarəçilik qabiliyyəti, böyük nüfuzu, geniş şəxsi əlaqələri sayəsində blokada şəraitində yaşayan Naxçıvanın müstəqilliyinin qorunub-saxlanılması, Naxçıvan Muxtar Respublikasının yeni adının, dövlət bayrağının, gerbinin və himninin qəbul edilməsi, Türkiyə ilə Naxçıvan arasında "Ümid" körpüsünün və yeni aeroportun ilk növbəsinin açılışı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar, rus qoşunlarının bütün silahları təhvil verməklə Naxçıvandan çıxarılması, ağır blokada və müharibə şəraitində yaşayan Naxçıvanda mədəniyyətin inkişafı istiqamətlərində qazanılmış uğurları, o cümlədən, Hüseyn Cavidin 110 illik yubileyinin, Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirləri nümayiş etdirir.
Ekspozisiyanın digər hissəsi Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə müasir Azərbaycan Respublikasının yaradılması, müstəqilliyin və dövlətçiliyin qorunması, inkişaf etdirilməsi, beynəlxalq səviyyədə tanınması istiqamətində həyata keçirdiyi həyati vacib məsələləri əks etdirir. Belə ki, burada ölkədə böhran vəziyyətin yarandığı, ölkənin parçalanması, dövlətçiliyin məhv olması, vətəndaş müharibəsi təhlükəsi qarşısında qaldığı ağır dövrdə – 1993-cü ildə xalqın israrlı təkidi və tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi haqqında geniş məlumatlar verilir.
Ekspozisiyada, həmçinin, 1993-2003-cü illərdə Prezident Heydər Əliyevin fəaliyyətinin əsas məqamları, o cümlədən onun uzaqgörən və müdrik rəhbərliyi ilə ayrı-ayrı taleyüklü məsələlərin həlli, qaçqın və məcburi köçkünlərə qayğısı, ölkənin ərazi bütövlüyünün qorunması, ordu quruculuğu sahəsində gördüyü işlər, ölkəmizin əldə etdiyi önəmli nailiyyətlər, "Əsrin müqaviləsi"nin və digər uğurlu neft kontraktlarının bağlanması, hüquqi dövlət quruculuğu istiqamətində məqsədyönlü addımların atılması, yeni Konstitusiyanın qəbulu, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, mədəniyyətin, incəsənətin inkişafına, uşaqların, qoca və ahılların, şəhid ailələrinin hüquqlarının müdafiəsinə yönəldilmiş qanun, fərman və sərəncamlar, beynəlxalq təşkilatlara inteqrasiya, xarici ölkələrlə yaradılmış əlaqələr, bağlanmış əlverişli sazişlər barədə geniş məlumat verən fotoşəkillər, sənədlər, arxiv materialları nümayiş olunur.
Ekspozisiyanın "Heydər Əliyev dünyanın gözü ilə" bölməsində dünyanın bir çox aparıcı dövlətlərinin başçılarının, görkəmli dövlət və siyasi xadimlərin, dünya şöhrətli mədəniyyət, incəsənət xadimlərinin, elm adamlarının, dostlarının Heydər Əliyevə verdikləri yüksək qiymət, onun haqqında ürək sözləri, fikir və kəlamları yer almışdır. Ayrı-ayrı insanlar tərəfindən deyilmiş bu fikirlərdə ümumi bir məqam diqqət çəkir: Heydər Əliyevə olan sonsuz məhəbbət, dərin ehtiram, hədsiz heyranlıq.
"Şöhrət" muzeyini bəzəyən daha dörd stenddə isə müxtəlif xarici dövlətlərin xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən təqdim olunmuş hədiyyələr nümayiş olunur.

 

Muzeyin fəxri mərasimlər zalı


"Şöhrət" muzeyinin əsas zalı fəxri mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Bu zalda Ulu öndər Heydər Əliyevin Ali Baş Komandan büstü, Azərbaycan Respublikasının Dövlət Bayrağı, Dövlət Himninin və Hərbi andın mətnləri, Prezident Heydər Əliyevin 1993-cü ildə andiçmə mərasimini əks etdirən panno, Ulu öndərimizin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə şəkli verilmişdir.
Muzeyin fəxri mərasimlər zalında müxtəlif təntənəli tədbirlər keçirilir. Burada xidməti fəaliyyətdə yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçulara medallar, rütbələr, fəxri fərmanlar, qiymətli hədiyyələr və digər təltiflər, eləcə də Akademiyanı əla qiymətlərlə bitirmiş kursantlara xüsusi diplom və hədiyyələr təqdim edilir.
Bu gün "Şöhrət" muzeyi məbədə çevrilmişdir. Şöhrət" muzeyini hər il minlərlə insan ziyarət edir. Ümumiyyətlə, indiyədək muzeydə 16.000-dən çox qonaq qəbul olunmuşdur. Belə ki, hər il təhlükəsizlik orqanlarının və Akademiyanın gənc əməkdaşları, kursant və dinləyiciləri ilə yanaşı, respublikanın aparıcı mülki və hərbi ali təhsil müəssisələrinin tələbə və kursantları, müxtəlif dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, xarici qonaqlar (o cümlədən 40-dan artıq xarici ölkədən xüsusi xidmət orqanlarının əməkdaşları) mütəmadi olaraq "Şöhrət" muzeyini ziyarət edir və ekspozisiyalarla tanış olurlar. Ziyarətçilər Ulu öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirir və Akademiyadan böyük təəssüratla ayrılırlar.
"Şöhrət" muzeyi Azərbaycanın dahi oğlu Heydər Əliyev irsinin öyrənilməsi, nəsillərə örnək olan əfsanəvi, şərəfli ömür yolunun geniş təbliğinə müvəffəqiyyətlə xidmət edir. "Şöhrət" muzeyi gənc nəslin Heydər Əliyev dühasını daha da dərindən dərk edə bilməsi, vətənə məhəbbət, dövlətə, Heydər Əliyev amallarına sədaqət, azərbaycançılıq ənənələri ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərinin yaşadılması kimi çox vacib missiyanı həyata keçirir.