DTX-nin “N” hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib

31 dekabr 2016-cı il

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını hərbi hissənin şəxsi heyəti ilə keçirir.

Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək Ulu Öndərin abidəsi önünə əklil qoyublar.
Bu əlamətdar bayramlar münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.

General-leytenant Mədət Quliyev bildirib ki, Azərbaycan Respublikasının inkişaf strategiyasının banisi ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə tərəqqi edən respublikamızın siyasi-iqtisadi, regional və beynəlxalq nüfuzu gündən-günə artır. Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində cari ilin aprel ayında ordumuz cəbhənin təmas xəttində təxribatlara cavab olaraq vurduğu sarsıdıcı zərbələr nəticəsində düşmən qəsb etdiyi torpaqlarımızın bir hissəsindən geri çəkilib. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə inam hissini və əzmini daha da artırıb.
General-leytenant Mədət Quliyev ölkəmizin xüsusi xidmət orqanlarında aparılan islahatlara toxunub və bunun bariz nümunəsi olaraq hazırda DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradıldığını qeyd edib. Əsas məqsəd Ali Baş Komandan cənab İlham Əliyevin və xalqın göstərdiyi yüksək etimadı doğrultmaq, işğal altındakı vətən torpaqlarını azad etmək üçün daim hazır olmaqdır.

Sonra general-leytenant Mədət Quliyev aprel döyüşlərində qardaşları qəhrəmancasına həlak olmuş iki əsgəri həvəsləndirmə qaydasında məzuniyyətlə mükafatlandırıb.
Çıxış edən valideynlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən genişmiqyaslı işləri qeyd edib, ordu quruculuğuna da böyük diqqət yetirildiyini vurğulayıblar. “Əsgər və zabitlərimizə göstərilən qayğı hər bir valideyni qürurlandırır. Fəxr edirik ki, bu gün bizim də övladlarımız etibarlı vətən müdafiəçiləri sırasındadır. Ən böyük arzumuz, istəyimiz isə torpaqlarımızın işğaldan azad edilməsi ilə qələbə sevincini yaşamaqdır”.
Sonda respublikanın tanınmış incəsənət xadimləri tərəfindən vətənpərvərlik mövzusunda ifa edilən mahnılar rəğbət və coşqu ilə qarşılanıb.