Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

10 dekabr 2016-cı il

Dövlət Təhlükəsizliyi Xidmətində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra akt zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Mərasimdə qeyd olunub ki, Ümummilli Lideri bizdən ayıran illər ötdükcə onun şəxsiyyətinin əzəmətini, böyüklüyünü, dahiliyini daha dərindən dərk edirik. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu möhtəşəm bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin müstəqilliyi, müstəqil Azərbaycan Respublikasını bizlərə bəxş etmiş Heydər Əliyev dühasının işığı heç bir zaman sönməyəcək, irəliyə, daha parlaq gələcəyə gedən yolumuzu daim nura qərq edəcəkdir.
Xalqımız qətiyyətlə əmindir ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, onun azərbaycançılıq ideyaları ilə silahlanmış möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayan Azərbaycan bundan sonra da daim yeni-yeni uğurlara imza atacaq və qüdrətlənəcəkdir.
Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz rolu olan Ulu Öndərin şanlı məktəbinin ənənələrini qürurla və şərəflə yaşadan Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti əbədi fəxri rəhbərinin müstəqilliyin və dövlətçiliyin etibarlı qorunması irsini əzmlə davam etdirir.
Mərasimin sonunda Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.