20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anma tədbirləri keçirilib

19 yanvar 2014-cü il

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulmuşdur.
Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam edən anım tədbirində 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışılmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu. Baş verən qanlı olaylardan dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən Ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edildi. Ümummilli Lider Heydər Əliyev heç bir təhlükə və hədədən çəkinməyərək bu faciəni törədənlərin adlarını açıq şəkildə çəkərək, onların cəzalandırılmasını tələb etdi.
Mərasimdə məhz dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardım və kömək üçün imzaladığı sərəncamların Azərbaycanın azadlığı uğrunda canlarını fəda edən insanların xatirəsinə böyük ehtiram olduğu bildirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atmışdır. Dövlət başçısı müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşır. Gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün yaxınlaşır.