Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

15 noyabr 2016-cı il

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınmışdır. Belə ki, 2016-cı il oktyabrın 27 və 28-də Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan Respublikasının vətəndaşları C.Cəfərov və A.Nəhmətov saxlanılmışlar.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılaraq davam etdirilən araşdırmalar nəticəsində, əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər şübhəli şəxs qismində tutulmuşdur. Aparılmış axtarışlar zamanı qanunsuz sex qismində fəaliyyət göstərən ayrı-ayrı ünvanlarda qaçaq yolla ölkədən çıxarmaq məqsədi ilə külçə halına salınması üçün toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər aşkar edilərək götürülmüşdür.  
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.