Dövlət Bayrağımız qürur mənbəyimiz, canımız, ürəyimizdir

09 noyabr 2016-cı il

Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Bayrağı Günü qeyd olunub.
Əvvəlcə təntənəli mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət himni səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək bildirib ki, bu əlamətdar tarix hər bir azərbaycanlı üçün qürur və şərəf günüdür. Müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı eyni zamanda Azərbaycan vətəndaşlarının, bütün soydaşlarımızın milli həmrəyliyinin, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir.
Qeyd olunub ki, Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilib.

Tarixi üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpa edilməsi və rəsmi status alması istiqamətində ilk cəhdlər doğma Azərbaycana dərindən bağlı olan Ulu Öndər Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında məhz Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində ilk dəfə olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunub. Eyni zamanda, o vaxtkı Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılıb ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Bundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək, üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi olaraq təsbit edilib.

Ulu Öndərin xalqımızın və dövlətimizin maraqlarının hərtərəfli təmin olunması siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın dövlət atributlarını, onların özlərində daşıdıqları azərbaycançılıq ideallarını daim uca tutur və əməli fəaliyyəti ilə bu ali və ülvi amalların cəmiyyətimizə aşılanmasına çalışır. Bu, özünü həm də Dövlət bayrağımıza münasibətdə də bariz şəkildə göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il dekabrın 30-da Bakıda Dövlət Bayrağı meydanının inşası üzrə unikal tikilinin layihəsi ilə tanış olaraq təntənəli təməlqoyma mərasiminə qatılıb. Ölkə başçısı Dövlət Bayrağı meydanının inşası prosesini xüsusi diqqət mərkəzində saxlayaraq, ortaya çıxan problemlərin operativ həlli üçün müvafiq göstərişlər verib, sərəncamlar imzalayıb. 2010-cu il sentyabrın 1-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı meydanının təntənəli açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Dövlət bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda da dalğalanacağını bildirərək demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Tədbirin sonunda xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin əmrləri elan edilib. Bir qrup hərbi qulluqçuya medallar, Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan idman yarışlarında qələbə qazanan əməkdaşlara isə diplom və kuboklar verilib.
Sonra “Azərbaycan Bayrağı” sənədli filmi nümayiş olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin təsdiq etdiyi tədbirlər planına əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin sistemində olan qurumlarda və yerli orqanlarında Dövlət Bayrağı Günü ilə bağlı silsilə tədbirlər keçirilir.