Gənc əsgərlərimiz Vətənə sədaqət andı içdilər

06 noyabr 2016-cı il

Dövlət Təhlükəsizliyi Xidmətinin “N” hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər işçilərinin, təhlükəsizlik orqanlarının veteranlarının və əsgər valideynlərinin iştirak etdiyi tədbirdə ordu sıralarına yeni çağırılmış gənc əsgərlərin hərbi andı qəbul etmək üçün təntənəli mərasimə hazır olmaları barədə general-leytenant Mədət Quliyevə raport verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, hərbi hissədə Ulu Öndərin ucaldılmış abidəsinin önünə əklil qoyulub. 
Andiçmə mərasiminin başlanmasına icazə verildikdən sonra tədbir açıq elan olunub. Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev təntənəli mərasimdə çıxış edərək gənc əsgərləri, onların valideynlərini, hərbi hissənin bütün şəxsi heyətini bu əlamətdar gün münasibəti ilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında misilsiz xidmətlərindən, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışıb. 
General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, hərbi andı qəbul edən hər bir əsgər vəzifəsinə şüurlu münasibət bəsləməli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, Azərbaycan Respublikasının keşiyində mətin dayanmalı, xalqını və dövlətini sonsuz məhəbbətlə sevməli, lazım gələrsə Vətəni uğrunda canından belə keçməyə hazır olmalıdır. Eyni zamanda, əsgərlərimiz hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməli, komandir-rəis heyətinin əmrlərini sözsüz və vaxtında icra etməli, hərbi peşənin sirlərini dərindən öyrənməli, fiziki və döyüş hazırlıqlarını daim təkmilləşdirməlidirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi gənc əsgərləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmağa çağırıb.
Sonra gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər. Veteranlar ilə birgə xatirə şəkli çəkdirilib.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşüb.