Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib

18 oktyabr 2016-cı il

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev mərasimdə çıxış edərək bütün şəxsi heyəti dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibəti ilə təbrik edib.
Qeyd olunub ki, uzun illər müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa etməyə nail oldu. Lakin o zamankı səriştəsiz iqtidar mövcud tarixi şəraiti lazımınca qiymətləndirə bilmədi və qısa müddətdə ölkəni iflic duruma saldı. Müəyyən xarici dairələrin və daxili destruktiv qüvvələrin təxribat-pozucu hərəkətləri nəticəsində Azərbaycan vətəndaş mü­haribəsi ilə üzləşdi, ölkədə bir-birinin ardınca dövlət çevrilişi cəhdləri, sui-qəsdlər, terror aktları törədildi, ərazilərimizin işğalına gətirib çıxaran silahlı separatçılığa geniş şərait yaradıldı. Azərbaycanda vəziyyət dərin siyasi və iqtisadi böhran həddinə çatdırıldı. Azərbaycanın başı üstünü 1920-ci ildə olduğu kimi dövlət müstəqilliyinin ikinci dəfə itirilməsi təhlükəsi aldı.
General-leytenant Mədət Quliyev diqqətə çatdırdı ki, belə bir ağır və çətin dövrdə xalqın təkidli israrı və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəni xaosdan, vətəndaş müharibəsindən və parçalanmadan xilas etdi. Ulu öndər özünün dühası və misilsiz fəaliyyəti ilə “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” müdrik kəlamını reallığa çevirdi. Ümummilli Lider ölkənin taleyüklü məsələlərinin həllini böyük inamla öz üzərinə götürərək, qətiyyəti, cəsarəti və uzaqgörənliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyə nail oldu, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qurtardı, respublikanı iqtisadi tənəzzüldən sürətli inkişaf yoluna çıxardı.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyevin Azərbaycanın rəhbəri seçilməsi ilə ölkəmiz öz tarixinin yeni inkişaf mərhələsinə qədəm qoydu. Respublika həyatının bütün sahələrinin müasirləşməsi ilə əlamətdar olan bu mərhələnin mahiyyəti ümumbəşəri və milli dəyərləri rəhbər tutaraq, qabaqcıl inkişaf modelinin tətbiqi ilə Azərbaycanı qüdrətləndirmək və ona beynəlxalq aləmdə layiqli mövqe qazandırmaq oldu. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik, son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik dönməz xarakter alıb, sosial-iqtisadi sahələr dinamik inkişaf edir, Vətənimizin nüfuzu dünyada ildən-ilə artır. Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi və Prezidentimiz möhtərəm İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən uzaqgörən tərəqqi xəttinin möhtəşəm təntənəsidir.

General-leytenant Mədət Quliyev bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin Azərbaycanın qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcəkdir.
Tədbirin sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin İdman və sağlamlıq mərkəzində dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təşkil olunan idman yarışlarında qələbə qazanan komandaların üzvlərinə diplomlar və kuboklar verilib.
Sonra “Müstəqil Azərbaycan” filmi nümayiş etdirilib.