DTX-nin əməkdaşları ümumxalq səsverməsində yüksək fəallıq nümayiş etdiriblər

26 sentyabr 2016-cı il

Bu gün Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir.
2016-cı il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdı.
Konstitusiya Məhkəməsi Referendum Aktının layihəsinə müsbət rəy verdikdən sonra ölkə başçısı 26 sentyabr tarixində referendumun keçirilməsi ilə bağlı sərəncam verdi. 29 əlavə və dəyişikliyi ehtiva edən bu layihədə əksini tapan məsələlər insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün tələblərini cavablandıran islahatların həyata keçirilməsini təmin edəcək. 
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev fəaliyyətində daim Əsas Qanuna istinad edərək respublikada ümumbəşəri demokratik dəyərlərin və qanunun aliliyinin tam təminatına çalışır. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər mütərəqqi xarakteri ilə xalq tərəfindən birmənalı dəstəklənəcək, respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, konstitusion normaların tam bərqərar olmasına xidmət edəcək.
Qeyd olunmalıdır ki, hazırda Seçki dairələrinin ərazisində mövcud olan məntəqələrdə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb. Seçicilərə məntəqələrdə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenləri təqdim olunur. Məntəqələrdə səsvermənin gedişini yerli və müxtəlif ölkələri təmsil edən beynəlxalq müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyirlər. Həmçinin bu prosesin nəticələrinin cəmiyyətə çatdırılması üçün xarici və yerli kütləvi informasiya vasitələri ümumxalq səsverməsini sərbəst işıqlandırırlar. Məntəqələrin çıxışında isə “exit-poll” keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev səsvermədə iştirak edib. General-leytenant Mədət Quliyev 20 saylı Nərimanov II Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da ümumxalq səsverməsində yüksək fəallıq nümayiş etdirirlər.