Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatı

15 avqust 2016-cı il

Avqustun 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.
General-leytenant Mədət Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətləri, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğu və sosial-iqtisadi sahədə uğurla həyata keçirilən islahatlar, bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki,  Ümummilli  Lider  Heydər  Əliyev  Azərbaycan  və  Çin arasında ikitərəfli münasibətlərin  təməl  prinsiplərinin  qurulmasında  müstəsna rol oynayıb. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət,  eləcə də  Azərbaycan-Çin münasibətlərinin  inkişaf etdirilməsi  istiqamətində həyata  keçirilən  siyasət  bu gün Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlər dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir. Dövlətlərimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirən cənab Vey Cinhua ölkəsinin, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə sabitliyin bərqərar olunması və iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini söyləyib.
Görüşdə terrorçuluq, separatçılıq və ekstremizmin bütün təzahürləri ilə mübarizədə ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü, bu sahədə əməkdaşlığın daim genişləndirilməsinin vacibliyi vurğulanıb.