Dövlət Təhlükəsizliyi Xidmətinin “N” hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

07 avqust 2016-cı il

Rəhbər işçilərin, təhlükəsizlik orqanlarının veteranlarının və əsgər valideynlərinin iştirak etdiyi tədbirdə ordu sıralarına yeni çağırılmış gənc əsgərlərin hərbi andı qəbul etmək üçün təntənəli mərasimə hazır olmaları barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevə raport verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, hərbi hissədə Ulu Öndərin ucaldılmış abidəsinin önünə əklil qoyulub.
Andiçmə mərasiminin başlanmasına icazə verildikdən sonra tədbir açıq elan olunub. Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Onlar Azərbaycan Respublikasına, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü layiqincə qoruyacaqlarına, hərbi anda daim sadiq qalacaqlarına, əsgəri borca şərəflə əməl edəcəklərinə and içiblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev təntənəli mərasimdə çıxış edərək gənc əsgərləri, onların valideynlərini, hərbi hissənin bütün şəxsi heyətini bu əlamətdar gün münasibəti ilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında misilsiz xidmətlərindən, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, Zati-aliləri cənab İlham Əliyevin bilavasitə rəhbərliyi, diqqət və qayğısı sayəsində hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilib və möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Silahlı Qüvvələrimizin regionda ən güclü olduğu bu gün müvafiq beynəlxalq qurumlar tərəfindən də etiraf edilir.
General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, hərbi andı qəbul edən əsgər Vətənin keşiyində mətin dayanmalı, vəzifəsinə şüurlu münasibət bəsləməli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, doğma torpağını, xalqını və dövlətini sonsuz məhəbbətlə sevməli, lazım gələrsə Azərbaycanımızın uğrunda canından belə keçməyə hazır olmalıdır. Eyni zamanda, əsgərlərimiz hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməli, komandir-rəis heyətinin əmrlərini sözsüz və vaxtında icra etməli, hərbi peşənin sirlərini dərindən öyrənməli, fiziki və döyüş hazırlıqlarını daim təkmilləşdirməlidirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi gənc əsgərləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmağa çağırıb.

Sonda gənc əsgərlər təntənəli şəkildə hərbi marşın sədaları altında mətin addımlarla tribuna önündən keçiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşüb.