Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

02 avqust 2016-cı il

Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidmətinin
ictimai əlaqələr şöbəsinin
məlumatı

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.

Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Gürcüstanın nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də yad etmiş, «Əbədi məşəl» abidəsinin önünə əklil qoymuşdur. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində geniş tərkibdə ikitərəfli görüş keçirilmişdir.

Qonaqları səmimi salamlayan general-leytenant Mədət Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi misilsiz və ölçüyəgəlməz fəaliyyəti, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf, habelə mühüm beynəlxalq layihələrin realizəsi və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Gürcüstan Prezidenti cənab Georgi Marqvelaşvilinin ümumi səyləri nəticəsində Azərbaycan-Gürcüstan arasında yüksələn xətlə inkişaf edən sıx dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.

Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən cənab Vaxtanq Qomelauri dost və qardaş xalqlarımızın tərəqqisi naminə dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə ölkələrimizin aidiyyəti orqanlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi önəm daşıdığını bildirmişdir. Qonaq bu səfərin dövlətlərimiz, eləcə də müvafiq strukturlar arasında tərəfdaşlıq münasibətlərinin daha da yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini qeyd etmişdir.

Görüşdə təhlükəsizlik məsələlərinə dair qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, o cümlədən bu sahədə fəaliyyətin səmərəli təşkili üzrə təcrübə və məlumat mübadiləsinin intensivləşdirilməsi barədə müzakirələr aparılmışdır.
Sonda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.