Müstəqilliyi, dövlətçiliyi qorumaq və təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatı

9 iyul 2016-cı il

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında məzun buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.
Rəhbər işçilərin, təhlükəsizlik orqanlarının veteranlarının, məzunların valideynlərinin iştirak etdikləri tədbirdə şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevə raport verilib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, abidəsinin önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev təntənəli mərasimdə çıxış edərək, buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, müstəqilliyi, dövlətçiliyi qorumaq və təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir. Ölkənin təhlükəsizliyinə cavabdeh şəxslərin yüksək keyfiyyətlərə malik olması, onların dərin bilik və məsuliyyət, vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi Ulu Öndərin əsas tövsiyəsi idi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin 1998-ci il dekabrın 1-də imzaladığı tarixi Sərəncama əsasən ölkəmizin xüsusi xidmət orqanları üçün peşəkar zabit kadrlarının yetişdirilməsi məqsədi ilə bu təhsil müəssisəsi yaradılıb. Ümummilli Liderin adını şərəflə daşıyan Akademiyada gələcək əməkdaşların spesifik ali təhsilin incəliklərini mənimsəmələri, zəruri vərdişlərə və mənəvi keyfiyyətlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bu baxımdan, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmaları, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini vicdanla yerinə yetirmələri Ümummilli Lider Heydər Əliyevin peşəkarlıq və vətənpərvərlik məktəbinə, milli maraqların qorunması amallarına sədaqət göstəricisidir.

General-leytenant Mədət Quliyev qeyd edib ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin düşünülmüş və uzaqgörən strategiyası sayəsində ölkəmizdə hərbi, sosial-iqtisadi və ictimai-siyasi həyatın hər bir sahəsində aparılan islahatlar Azərbaycanı gündən-günə möhkəmləndirir, dövlətimizə böyük nüfuz qazandırır. Dinamik inkişaf edən Azərbaycan bölgənin lideridir. Bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə bizi ölkəmizin təhlükəsizliyinə daha etibarlı təminat yaratmağa səfərbər edir. Eyni zamanda, təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək peşəkarlıq, bilik səviyyəsi, əməliyyat-döyüş hazırlığı, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur. “Ümid edirəm ki, Ulu Öndərin adını daşıyan Akademiyanı uğurla bitirən gənc zabitlərimiz bu müqəddəs ocaqda təhsil aldıqlarına görə həmişə fəxr edəcək və burada qazanılan mükəmməl bilik sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif struktur bölmələrində, ərazi orqanlarında vəzifə borclarını sədaqət və əzmlə davam etdirəcəklər”.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, bu gün sıralarımıza qoşulan gənc zabitlər də bütün şəxsi heyət kimi xalqa ləyaqətlə xidmət edəcək, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcək.

General-leytenant Mədət Quliyev xatirələrində əbədi qalacaq bu gün münasibəti ilə gənc zabitləri bir daha təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.
Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər. Sonra Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.
Təntənəli mərasimin sonunda general-leytenant Mədət Quliyev məzunların valideynləri ilə görüşüb.