Azərbaycanın Silahlı Qüvvələri dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını etibarlı şəkildə qoruyur

26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür

Azərbaycanda müstəqil dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin müdafiəsinə xidmət edən Silahlı Qüvvələrin yaradılmasıdır. Əsas Qanunumuzun – Konstitusiyamızın 9-cu maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Xalqımızın zəngin və şərəfli hərbi ənənələrini qoruyub saxlamaqla müstəqil dövlətimizdə məqsədyönlü və səmərəli ordu quruculuğunun aparılması, müasir tələblərə cavab verən silahlı qüvvələrin və yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik şəxsi heyətin formalaşdırılması Ulu Öndər Heydər Əlyevin özünəməxsus müdriklik və uzaqgörənliklə həyata keçirdiyi, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi mükəmməl strategiyaya əsaslanır. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində çətin sınaqlardan,  sözün həqiqi mənasında, od-alovdan keçmiş, mətinləşmişdir.
...Silahlı qüvvələrimizin şanlı keçmişinə nəzər salarkən, təbii ki, bu tarixi qəhrəmanlıq salnaməsinin hər bir səhifəsini qürur hissi ilə xatırlayır, xalqımızın yaddaşında əbədi yaşayan sərkərdələrimizi, onların milli istiqlalımız, dövlətçiliyimiz uğrunda mübarizədə göstərdikləri şücaətləri ehtiramla yad edirik. Bu gün tarixi irsini və ənənələrini yaşatdığımız Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yüz ildən artıq davam edən imperiya asılılığından sonra,  milli ordu quruculuğuna başlanması xalqımızın öz azadlıq və müstəqillik arzusuna yetişməsinin mühüm təzahürü olmuşdur. Çar Rusiyası əsarətdə saxladığı xalqlar arasında yalnız müsəlmanları hərbi işdən uzaqda tutmaqla, əslində, onların mübarizə əzmini, döyüş ruhunu zəiflətməyə çalışsa da, hərbi təhsil alaraq imperiya odrusunda xidmət etmək fürsəti qazanan müsəlman, o cümlədən azərbaycanlı zabitlərin sərkərdəlik istedadına göz yuma bilməmiş, hünər və qəhrəmanlıqlarından böyük fayda götürmüşdür. 26 iyun 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılarkən məhz bu nadir insanlar - Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov və başqa peşəkar hərbçilər müstəqil dövlətimizin müdafiəsinin təşkilində, hərbi strukturlarının formalaşmasında misilisiz fədakarlıqlar göstərmişlər. Məhz onların rəhbərliyi və fəal iştirakı ilə Azərbaycanda hərb sənətinin dirçəldilməsi, döyüş ənənələrinin və vətənpərvərlik ruhunun bərpası mümkün olmuş, Bakı və Azərbaycanın digər bölgələri həmin dövrdə də öz məkrli niyyətlərini gerçəkləşdirmək istəyən erməni-daşnak quldurlarının təcavüzündən xilas edilmişdir.
Xalq Cümhuriyyətinin süqutundan, bolşevik hökuməti qurulduqdan sonra azərbaycanlıların hərbi işə cəlb edilməsinə yenidən soyuq münasibət göstərilməsi tarixi həqiqətdir. Lakin qısa müddətdə də olsa, Azərbaycanda müstəqil dövlətin mövcudluğu sovet hakimiyyətinin xalqımızın suverenliyini, ən azı, formal şəkildə qəbul etməsini və bu səbəbdən də öz hərbi və hüquq mühafizə sturkturlarında soydaşlarımızın iştirakına şərait yaratmasını şərtləndirmişdir. 1941-45-ci illərin Böyük Vətən müharibəsində faşizmə qarşı döyüşlərdə azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlar isə milli hərb tariximizə şanlı səhifələr kimi yazılmışdır. Biz öz ata-babalarımızın bu müharibədəki hünərvər fəaliyyətindən haqlı olaraq qürur hissi keçiririk. Ulu Öndər Heydər Əliyev deyirdi: “1941-1945-ci illər müharibəsi dövründə, o döyüşlərdə göstərilmiş qəhrəmanlıq nümunələri, o cümlədən Azərbaycan oğullarının, qızlarının, övladlarının göstərdiyi igidliklər qəlbimizdə daim yaşayacaqdır”.

Sovet hakimiyyəti illərində Azərbaycanda hərbi təhsilə xüsusi əhəmiyyət verilməsi, soydaşlarımızın yeniyetmə yaşlarından hərb sənətini öyrənməyə başlaması Ümummilli Lider Heydər Əliyevin tarix boyu unudulmayacaq müstəsna xidmətdir. O dahi şəxsiyyət özü də parlaq istedadı və əməksevərliyi sayəsində sovet silahlı qüvvələrinin ən ciddi və nüfuzlu strukturlarından olan dövlət təhlükəsizliyi orqanlarında sıravi əməkdaşdan komitə sədrinədək, leytenantdan general rütbəsinədək yüksəlmişdi. Doğma xalqının gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev respublikanın rəhbəri seçildikdən sonra Azərbaycanda hərbi ənənələrin dirçəldilməsi istiqamətində tədbirlər gördü. Xalqımızın dahi oğlu 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, güzəştli şərtlərlə keçmiş SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olmaqla bu günkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoydu. Ulu Öndərimiz bu barədə demişdir: “Hər bir dövlət üçün olduğu kimi, Azərbaycan dövləti üçün də ən vacib şərt dövləti qüdrətli etmək, yaşatmaq üçün onun ordusunun və ordusunu təşkil edən peşəkar zabit korpusunun olmasıdır”. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin peşəkar zabit heyətininin özəyini məhz Ulu Öndər Heydər Əliyevin həm sovet hakimiyyəti zamanı, həm də müstəqil dövlət quruculuğu dövründə yaratdığı hərbi məktəblərin yetirmələri təşkil edir.
Lakin müstəqil dövlətçiliyin bərpası ərəfəsində və bərpasından sonrakı iki ildə Azərbaycanda hərbi və silahlı qüvvələrlə bağlı vəziyyətin çox acınacaqlı olduğunu da yaddan çıxara bilmərik. Dağlıq Qarabağda silahlı separatizmin baş qadırdığı və Ermənistanın hərbi təcavüzə əl atdığı bir dövrdə respublikamızda hərbi işin, silahlı müdafiə tədbirlərinin təşkilində ciddi nöqsanlara, hətta cinayətkarlıq hesab edilə biləcək laqeydliyə və biganəliyə yol verildi. O dövrün canlı şahidləri yaxşı xatırlayırlar ki, sovet dövlətinin başçıları nəinki erməni separatizminin qarşısını almaq üçün təsirli tədbirlər görümürdülər, üstəlik, onların Azərbaycandakı əlaltıları, respublikanın qorxaq və bacarıqsız rəhbərləri də yalnız “yuxarılar”ın göstərişlərini yerinə yetirir, qətiyyətsizlik və iradəsizlik nümayiş etdirirdilər. Həmin vaxt ermənilərin yaxşı silahlanmasına baxmayaraq, Azərbaycanda əhalidən silahların yığılması onların düşmən qarşısında əliyalın qalmasına, öz yurd-yuvasını qorumaq imkanını itirməsinə gətirib çıxarmışdı.
1991-ci ildə müstəqilliyin bərpası elan edildikdən sonra dərhal milli ordu quruculuğuna başlamaq əvəzinə respublika rəhbərliyi, sadəcə, bir qvardiya təşkil etmək istəyirdi ki, bu da yaranmış vəziyyəti düzgün qiymətləndirməməyin, dövlət quruculuğu məsələlərinə naşı münasibətin nəticəsi idi. Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və silahlı qüvvələrin yaradılması haqqında qanunun icrası hər vəchlə ləngidilirdi. Hakimiyyəti silahlı çeviriliş yolu ilə ələ alan AXC-Müsavat cütlüyü də nəinki hərbi quruculuq, ümumən, dövlətçilik ənənələrinin bərpası, dövlət qurumlarının formalaşdırılması məsələlərində diletantlıqldan uzağa gedə bilmədi və çox tezliklə ölkəni ağır bəlalara düçar etdi. Hərbi işdə heç bir biliyi və səriştəsi olmayan adamların Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilməsi orduda şəxsi mənafelərin önə çəkilməsinə şərait yaradır, peşəkar zabit kadrlarının sıradan çıxarılması ilə nəticələnirdi.
Beləliklə də Qarabağda lokal silahlı toqquşmalar əsil müharibəyə çevrildi, torpaqlarımızın işğalı sürətləndi, ölkəni köçkünlük, qaçqınlıq, fərarilik dalğası bürüdü, separatizm meyilləri digər bölgələrimizə də sirayət etdi, vətəndaş qarşıdurması, qardaş qırğını təhlükəsi yarandı.
Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli müstəqillik arzularının qarşısındakı maneələrin dəf edilməsini, dövlət quruculuğu prosesinin, o cümlədən hərbi quruculuğun başlanmasını mümkünləşdirdi. Bu dahi və müdrik siyasətçinin, dövlətimizin həqiqi banisinin və qurucusunun Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti o dövrdəki hərbi vəziyyət və ordu quruculuğu ilə bağlı acı həqiqətləri və gerçək vəziyyəti, həmçinin qarşıda duran təxirəsalınmaz vəzifələri dəqiq, aydın və müfəssəl ifadə edirdi. Müasir hərb tariximizin obyektiv öyrənilməsi üçün ən dəyərli mənbə olan həmin müraciətdə Ulu Öndər Heydər Əliyev dövlət strukturu əsasında nizami ordu yaratmaq əvəzinə, ayrı-ayrı adamların və qüvvələrin hərəsinin özünə bir batalyon yaratmasını hərbi uğursuzluğun səbəbi kimi səciyyələndirmiş, xalqımızın həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialının birləşdirilməsinin zərurliyini irəli sürmüş və işğal olunmuş torpaqları məhz bunun əsasında geri qaytarmağa imkanımız olduğunu bəyan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildikdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı qəbul etdiyi mühüm qərarlar, silahlı qüvvələrin dövlətin tam nəzarətinə keçməsi Qarabağ cəbhəsindəki vəziyyətə müsbət dinamika gətirə bildi.  Xalqımızın Ümummilli Liderinə inam əsgər və zabitlərimizə fiziki-mənəvi güc verdi, Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, ordumuz cəbhədə təşəbbüsü ələ aldı. 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarının nəticəsiz qaldığını görən düşmən qısa müddətdə ordumuzun gücü qarşısında atəşkəsə razılıq verməli oldu.
Yeri gəlmişkən, lokal döyüşlərdən başlamış irimiqyaslı hərbi əməliyyatlaradək Qarabağ müharibəsində öz himayədarları tərəfindən yetərincə silahlandırılmış düşmənə qarşı Azərbaycan əsgərinin hünər, cəsarət və rəşadətlə vuruşduğunu, torpaqlarımızın bölünməzliyi uğrunda xalqımızın minlərlə vətənpərvər övladının canını fəda etdiyini daim böyük ehtiramla xatırlayır, şəhidlərimizin ölməz ruhu qarşısında baş əyirik.
Atəşkəs dövrünə gəldikdə isə, bu dövrdə Azərbaycanda ordu quruculuğu prosesində hansı uğurların qazanıldığı göz önündədir, bunları ətraflı şəkildə şərh etmək, onların təhlilini vermək üçün, yəqin ki, irihəcmli tədqiqatlar aparılmalıdır və aparılır. Ancaq bəzi çox önəmli məqamları qeyd etməyi vacib sayırıq. Ulu Öndər həmin dövrdə Silahlı Qüvvələrimizin bütün növlərinin daha səmərəli şəkildə yenidən təşkili və inkişafı, şəxsi heyətin sosial-məişət problemlərinin həlli, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi, gənclərin hərbi vətənərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirdi. Tarixi varislik ənənəsi əsas götürülərək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun gününün Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilməsi barədə fərman imzalandı.

Silahlı Qüvvələrimizin müasir standartlar əsasında yenilənməsi və təkmilləşdirilməsi bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və s. xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşmışdır.
Silahlı Qüvvələrimizin döyüş hazırlığı səviyyəsi durmadan yüksəldilir, şəxsi heyət müasir silah və texnika ilə təchiz edilir, yeni poliqonlar inşa edilir, döyüş şəraitinə uyğun təlimlər həyata keçirilir. Vəzifəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçu verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Ordu rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, təlimlər, yoxlamalar və digər tədbirlər əsgər və zabitlərimizin müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduqlarını, döyüş qabiliyyətlərini və peşəkarlıqlarını, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarıqlarını əhəmiyyətli dərəcədə artırdıqlarını göstərir. Silahlı Qüvvələrimiz beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir, müxtəlif xarakterli beynəlxalq hərbi təlimlərə qatılır, hərbi əməkdaşlıq imkanlarını daim genişləndirir. Tarixən hərbi gücün özəyində insan amili – şəxsi heyətin döyüş və fiziki, mənəvi-ideoloji hazırlığı dayanmış, müharibə şəraitində məhz bu amil silah-sursat təchizatından daha böyük əhəmiyyətə malik olmuşdur.
Məlum olduğu kimi, son illərdə Azərbaycanın hərbi büdcəsi 20 dəfədən çox artmışdır və hətta Ermənistanın dövlət büdcəsinin bütün xərclərini bir xeyli üstələyir. Bu, əlbəttə, ilk növbədə, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin milli iqtisadiyyatımızda yaratdığı böyük nailiyyətlərlə bağlı olmaqla yanaşı, eyni zamanda, dövlətimizin başçısının Silahlı Qüvvələrimizin inkişafına göstərdiyi qayğının bariz təcəssümüdür. Ali Baş Komandan ordumuzun döyüş arsenalının müasir tələblər əsasında yenilənməsinə və gücləndirilməsinə ordu quruculuğunun başlıca istiqamətlərindən biri kimi böyük əhəmiyyət verir.
Azərbaycanın müdafiə qüdrətinin artması beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmayıb. Davos İqtisadi Forumu zamanı açıqlanan Amerika nəşri “U.S.News and World Report”un “Dünyanın ən güclü orduları: güc amili” reytinq cədvəlində Azərbaycan ordusu 60 ən güclü ordu sırasında 38-ci yer tutub.

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, ölkəmizin müharibə vəziyyətində olması dövlətimizi, haqlı olaraq, öz ordusunun gücünü, əsgər və zabitlərinin peşəkarlıq səviyyəsini durmadan artırmağa, hərbi qüdrətini yüksəltməyə sövq edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmləndirilməsi və güclü ordunun yaradılması həm dövlətimiz, həm də hər bir vətəndaşımız üçün ən ümdə vəzifədir. Dövlətimizin başçısı demişdir: “Bu gün Ermənistan ilə Azərbaycan arasında güc tarazlığı artıq mövcud deyildir. Bu, istənilən sahədə belədir. Əgər iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən on dəfə artıqdırsa və büdcə xərclərimiz təxminən səkkiz dəfə çoxdursa, təbii ki, ordumuz da daha güclüdür və hərbi məqsədlərimiz və müdafiə infrastrukturu üçün çəkilən xərclərimizin həcmi də böyükdür”. Ali Baş Komandanın daim bəyan etdiyi kimi, biz öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməyə hər an hazır olmalıyıq və Azərbaycan dövləti bunun üçün bütün imkanlardan maksimum dərəcədə istifadə edir.
Təcavüzkar Ermənistanın Silahlı Qüvvələri daim təxribat törətmək planları qurur, cəbhəboyu ərazilərdə dinc əhaliyə qarşı müxtəlif təhdidedici hərəkətlərə yol verirlər. Məhz belə hərəkətlər nəticəsində 2014-cü ilin yay aylarında cəbhə xəttində baş vermiş döyüşlər, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, həmçinin bu ilin aprel ayının əvvəllərində düşmənin təxribatlarına cavab olaraq hərçilərimizin əks-hücumla bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri alması ordumuzun kifayət qədər gücə malik olduğunu bir daha sübuta yetirmişdir.
Aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çöx böyükdür. İlk növbədə, qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müdətdə orada möhkəmlənməyi bacarmışlar. Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilmişdir ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir. Beləliklə də, düşmən təbliğatının “erməni əsgərinin məğlubedilməzliyi” barədə “mif” yaratmaq cəhdləri növbəti dəfə puça çıxmışdır. Azərbaycan əsgəri  istənilən mürəkkəb döyüş şəraitində qələbə qazanmağa qadir olduğunu bir daha sübuta yetirmişdir.
Məlum olduğu kimi, bu uğurlu hərbi əməliyyatın nəticəsində Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilmiş, ordumuz hətta bundan bir neçə dəfə böyük ərazini tam nəzarətə götürməyə müvəffəq olmuşdur. Əsgər, gizir və zabitlərimizin şücaəti Azərbaycan cəmiyyətindəki vətənpərvərlik ruhunu coşdurmuş, Ermənistan əhalisini və işğalçı qüvvələri dərin psixoloji sarsıntıya məruz qoymuşdur. Eyni zamanda, düşmənin və onun havadarlarının münaqişədə status-kvonun dəyişilməzliyi ilə bağlı xəyalları puça çıxmış, beynəlxalq ictimaiyyət, xüsusən, vasitəçilik missiyasını indiyədək ədalətlə deyil, ətalətlə yerinə yetirən tərəflər xalqımızın səbrinin tükəndiyini, Azərbaycanın öz hərbi gücünü və qətiyyətini real şəkildə ortya qoyduğunu görərək təcili hərəkətə gəlmişlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Münaqişənin tez bir zamanda həll edilməsi ilə bağlı konkret addımların atılmasının vaxtı çatmışdır, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcəkdir. Əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev həm müdrik rəhbər, həm istedadlı sərkərdə, həm də vətənpərvər bir azərbaycanlı kimi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz xidmətlər göstərir və onun fədakarlığı, qətiyyəti, əzmkarlığı tezliklə qalibiyyətlə nəticələnəcəkdir.

Dövlətimizin başçısı Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda demişdir: “Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. Mən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin”.
Uzun müddətdən bəri davam edən müharibə vəziyyəti, torpaqlarımızın işğaldan azad edilməsinin zəruriliyi ölkəmizdə güclü hərbi sənaye kompleksi yaradılmasını şərtləndirmiş, son illərdə bu sahədə diqqətəlayiq nailiyyətlər əldə edilmişdir. Azərbaycan öz Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək istiqamətində ciddi və səmərəli tədbirlər həyata keçirir.  Ölkə rəhbərliyi milli hərbi sənaye potensialının artırılması, müasir müdafiə texnologiyaları, ən yeni hərbi texnika növləri istehsalı sahəsində onun imkanlarının genişlənməsinə, ümumilikdə müdafiə sənayesinin inkişafına böyük diqqət yetirir.


Xalqımızın və dövlətimizin mənafelərinin, təhlükəsizliyinin qətiyyətlə qorumasında, Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin təmin edilməsində dövlət təhlükəsizlyi orqanlarının da üzərinə məsul və şərəfli vəzifələr düşür. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti dövlətimizin müstəqillik, suverenlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin təmin edilməsinə yönəlmişdir. Günün tələbləri nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan vermişdir. Ölkəmizin milli maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi, cinayətkarlğa qarşı təsirli və səmərəli mübarizə aparılması bu baxımdan ən ümdə vəzifələrimizdir.
Müharibə vəziyyəti ilə yanaşı, ölkəmizin xarici kəşfiyyat orqanlarının diqqətini cəlb etməsi, beynəlxalq miqyasda terrorizm hallarının artması da təhlükəsizlik xidməti əməkdaşlarından daim ayıq-sayıq olmağı, dövlətimizin, xalqımızın, vətəndaşlarımızın təhlükəsizliyini peşəkarlıqla təmin etməyi tələb edir.
Bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini, milli inkişaf strategiyasını müasir dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirən və uğurla gerçəkləşdirən  möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Zati-aliləri cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, ölkəmiz istər siyasi-iqtisadi, istərsə də hərbi baxımdan getdikcə daha da qüdrətlənir.

Xalqımız Silahlı Qüvvələrimizin Ali Baş Komandanının möhkəm iradəsi və səyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin olunacağına və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanacağına əmindir. Silahlı Qüvvələrimiz bu şanlı və şərəfli vəzifəni yerinə yetirməyə daim hazırdır. Bütün qoşun növlərinin şəxsi heyətinə uzaqda olmayan qələbə günü naminə böyük uğurlar və zəfər arzulayıram!

Mədət QULİYEV,

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,
general-leytenant,
Azərbaycanın Milli Qəhrəmanı.

"Respublika" qəzeti,
25 iyun 2016-cı il.