Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında nadir rol oynayan bir ölkədir

17 iyun 2016-cı il

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

- Hörmətli şeyx həzrətləri.
- Hörmətli din xadimləri, mərasim iştirakçıları.
Mübarək Ramazan ayında ənənəvi olaraq şeyx həzrətlərinin iftar süfrəsində toplaşmışıq. Bu, gözəl ənənədir. Şeyx həzrətləri qeyd etdiyi kimi, bu ənənənin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur, onun banisidir. Onun müəyyən etdiyi siyasət bu gün də yaşayır, davam edir, zənginləşir. O cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndərin xüsusi rolu və müstəsna xidmətləri vardır.
Ulu Öndər ilə şeyx həzrətlərini dostluq əlaqələri bağlayırdı. Bu dostluq həm şəxsi xarakter daşıyırdı, həm də bu dostluğun çox böyük ictimai mənası var idi. Çünki bu dostluq, bu əlaqələr, bu səmimiyyət dövlət-din münasibətlərinin əsasını təşkil edirdi və bütün cəmiyyətə verilən bir mesaj idi ki, bu münasibətlər bu şəkildə öz həllini tapmalıdır.
Azərbaycan müstəqil dünyəvi dövlətdir, Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət həmişə birdir, bir yerdədir. Belə də olmalıdır. Çünki bizim amalımız da, istəyimiz də birdir. Biz istəyirik ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənsin, torpaqlarımız işğalçılardan azad edilsin və uzunmüddətli inkişafımız uğurlu olsun.
Bugünkü məclisdə şeyx həzrətlərinin fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətləri həm ölkə daxilində, həm beynəlxalq aləmdə çox böyük iş görür. Azərbaycan dindarları, Azərbaycan ictimaiyyəti bunu görür və qiymətləndirir. Mən də Prezident kimi bunu yüksək qiymətləndirirəm. Doğrudan da şeyx həzrətlərinin çox böyük işləri bizim ölkəmizi gücləndirir. Çünki dövlət-din münasibətləri təkcə ölkə Prezidenti tərəfindən həll oluna bilməz. Burada əlbəttə ki, dini rəhbərlər, bütün dini konfessiyaların rəhbərləri öz töhfəsini verməlidirlər və verirlər.
Şeyx həzrətləri ilə bizim şəxsi münasibətlərimiz, dostluq əlaqələri bu gün heç kəs üçün sirr deyil. Azərbaycan ictimaiyyəti də bunu görür, bilir və eyni zamanda, biz yol göstəririk. Biz yol göstəririk ki, ölkə necə inkişaf etməlidir, vətəndaş cəmiyyəti necə qurulmalıdır, azadlıqlar necə təmin edilməlidir. Şeyx həzrətlərinin Qafqazda böyük nüfuzu var. Mən Qafqaz respublikalarının rəhbərləri və dini rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlərdə bunun şahidi olmuşam. Şeyx həzrətlərini müsəlman aləmində, MDB məkanında, qonşu dövlətlərdə yüksək qiymətləndirirlər. Bu, bizim böyük üstünlüyümüzdür. Üstünlüyümüzdür ki, Azərbaycan müsəlmanlarının rəhbəri dünya miqyasında çox böyük nüfuza malik olan şəxsiyyətdir.
Əlbəttə, gələcəkdə biz birgə fəaliyyətimizi davam etdirəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizim məqsədimiz birdir. Biz hamımız çalışırıq ki, Azərbaycanda vəziyyət daha da yaxşılaşsın, sabitlik daha da möhkəmlənsin, insanlar daha da yaxşı yaşasınlar. Biz hamımız çalışırıq və çalışacağıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan dəyərlər, Azərbaycan dəyərləri daim üstünlük təşkil etsin. Dini dəyərlər isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bizim milli və dini bayramlarımız böyük sərvətimizdir. Biz bu bayramları yaşadırıq, birlikdə qeyd edirik. Dövlət-din münasibətlərinin belə sağlam zəmində inkişafı gələcəkdə ölkəmizi daha da gücləndirəcəkdir.

Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan müsəlman aləmində çox böyük nüfuza və hörmətə malikdir. Bu yaxınlarda - aprel ayında İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünün yekunları da bunu bir daha təsdiqləyir. Zirvə görüşündə Azərbaycana çox böyük dəstək verildi. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel hadisələri ilə bağlı Ermənistanın işğalçı və təcavüzkar siyasəti bütün dünya müsəlmanları tərəfindən bir daha pislənildi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı və bütün müsəlman dünyası öz liderlərinin iştirakı, onların səsi ilə Azərbaycanı bir daha dəstəklədi. Bu, bizim böyük uğurumuzdur. Bu, onu göstərir ki, cəmi 25 il ərzində müstəqil dövlət, o vaxta qədər onilliklər ərzində ateist dövlətdə yaşayan bir xalq - Azərbaycan xalqı bütün müsəlman aləmində çox böyük rəğbətə, hörmətə layiqdir. Biz bunu öz əməyimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Öz dini, milli mənəvi dəyərlərimizə sadiqlik nümayiş etdirərək qazanmışıq. Bu gün bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələri bizi dəstəkləyir, biz onları dəstəkləyirik.
Bu yaxınlarda müsəlman ölkələrinin səfirləri ilə ənənəvi olaraq Ramazan ayında görüşüm əsnasında biz bir daha bu məsələlərə toxunduq. Mən qeyd etdim ki, biz İslam həmrəyliyini gücləndirməliyik, müsəlman aləmində gedən proseslər, onların bir hissəsi bizi narahat edir. Biz istəyirik ki, müsəlman aləmində sülh bərqərar olsun, sabitlik bərpa edilsin, məzhəb əsasında münaqişələrə son qoyulsun və birlik olsun. Əgər birlik olmasa biz güclü ola bilmərik. Azərbaycan öz növbəsində, İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük işlər görür və biz bu işləri ardıcıl şəkildə aparırıq. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə çoxsaylı yüksək səviyyəli tədbirlər keçirilmişdir. Bakı şəhəri bir neçə il bundan əvvəl İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə Naxçıvan bu şərəfli missiyanı daşıyacaqdır. Azərbaycan İslam dəyərlərini dünyada, xüsusilə Avropada təbliğ etmək üçün çox böyük işlər görür, sərgilər, təqdimatlar keçirir, bədii-musiqi proqramları təşkil edir. Azərbaycan birinci müsəlman ölkəsidir ki, Vatikanda öz sərgisini nümayiş etdirib. Əlbəttə ki, bu, bizim siyasətimizin təzahürüdür, eyni zamanda, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz istəyirik ki, İslam aləmində birlik olsun, bütün dünyada anlaşma və qarşılıqlı hörmət daha da artsın.
Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz o təşkilatda da fəal iş aparırıq. Bizi istəməyən bəzi qüvvələrin təxribatlarına baxmayaraq, o təşkilatda da böyük hörmət qazanmışıq. Bu gün xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələr artıq Avropa Şurasında da qəbul edilir. Bu, doğrudan da nadir bir vəziyyətdir. Çünki dünyada hər iki təşkilata üzv olan ölkələrin sayı o qədər də çox deyil və hər iki təşkilatda rəğbət, dəstək qazanmaq, əlbəttə ki, bizim böyük uğurumuzdur. Biz bunu nəyin hesabına qazanmışıq? Hesab edirəm ki, səmimi siyasətimizə görə. Ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə ki, biz sözümüzü imzamız qədər qiymətləndiririk və əgər nəyisə deyiriksə, buna əməl edirik. Heç vaxt yalançı vədlər verməmişik. Heç vaxt kiminsə xoşuna gəlmək üçün hər hansı bir addım atmamışıq. Prinsipial mövqeyimizi nümayiş etdirmişik. Eyni zamanda, biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə uğur qazanmışıq.
Bu gün Azərbaycan o ölkələrdəndir ki, bütün sahələrdə çox böyük inkişaf yolu keçib, uğur qazanıb. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaradılır. Yaxın Şərqdə artıq bir neçə ölkə idarəedilməz vəziyyətə düşüb. Qeyd etdiyim kimi, Yaxın Şərqdə, əfsuslar olsun ki, müharibələr alovlanır. Avropada miqrantlarla bağlı dərin böhran yaşanır. Bu, eyni zamanda, dəyərlər böhranıdır. İstər-istəməz miqrantlar böhranı Avropada islamofobiya meyillərini gücləndirir. Bu, həm müsəlmanlar, həm Avropa üçün çox böyük təhlükədir. Belə bir vəziyyətdə Azərbaycan öz yolu ilə gedir. Əslində bizim siyasətimizdə heç bir dəyişiklik olmamışdır. Sadəcə olaraq, biz həmişə çalışmışıq ki, ölkəmizi mümkün olan bütün risklərdən, mənfi kənar təsirdən qoruyaq və buna müvəffəq olmuşuq.
İndiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir. Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir. Getdikcə Azərbaycanı dünyada daha da çox tanıyırlar. Tanıdıqca da görürlər ki, bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət aparan, bütün azadlıqları, bütün dinlərin birgə yaşamasını təmin edən bir ölkə var. Ona görə, əlbəttə ki, bizim təcrübəmiz öyrənilir. Bizi istəyən, dəstəkləyən ölkələr, qüvvələr bizi daha da dəstəkləyirlər, bizi istəməyənlər daha da məyus olurlar. Çünki bədxahlar, antiazərbaycan qüvvələr nə qədər çalışsalar da bizim siyasətimizə, iradəmizə, uğurlu inkişafımıza təsir edə bilməyiblər.
Bu gün Azərbaycan dünya miqyasında nadir rol oynayan bir ölkədir. Mən bunu tam məsuliyyətlə deyirəm. Yəni, bunu özümüzü tərifləmək üçün demirəm. Bu, reallıqdır. Çünki hər şey müqayisədə müəyyən olunur və bu gün müqayisə aparmaq üçün bizim kifayət qədər imkanlarımız var. Biz dünyanın hər bir yerində baş verən hadisələri görürük, izləyirik. Bu fonda Azərbaycanın uğurlu, hərtərəfli inkişafı, əlbəttə ki, daha da böyük rəğbət qazanır.
Azərbaycanda həyata keçirilən islahatlar, aparılan siyasət, əlbəttə ki, bizə diqqəti daha da çox cəlb edir və bu, müsbət haldır. Mən hesab edirəm ki, dünya bizi daha da yaxşı tanımalıdır. Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük. Artıq bir neçə ildir ki, Azərbaycan dünya ictimaiyyətinin diqqətini çəkən tədbirlər keçirir. Bu tədbirlər həm qitə, həm dünya miqyaslı tədbirlərdir. Bu gün dünyanın ən mötəbər idman yarışlarından biri olan Formula-1 Bakı küçələrində keçirilir. Bu yarışın auditoriyası dünyada yarım milyard insandır. Bu yarım milyard insan görəcək ki, dünyada belə bir gözəl ölkə, gözəl memarlıq abidələri olan, səliqəli, müasir bir şəhər var – Bakı şəhəri.

Əlbəttə bu, bizim gücümüzü artıracaq. Çünki bizə qarşı aparılan qarayaxma, təxribat kampaniyalarının hamısını alt-üst edir. Azərbaycana, Bakıya gələn on minlərlə turist bizim reallıqlarımızı öz gözü ilə görəcək. Görəcək və haqqımızda yazılan o çirkin məqalələrə daha fikir verməyəcək. Elə bir hal olmayıb ki, ilk dəfə Azərbaycana gələn insan təəccüb etməsin. Bu təəccüb nədən yaranır? Ölkəmizə gəlməzdən əvvəl yəqin ki, o müxtəlif çirkin yazıları oxuyurdular. Gəlib görəndə insanlar azad, rahat, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, əlbəttə, onların birinci reaksiyası təəccüb, ikincisi isə sual idi ki, siz buna necə nail ola bilmisiniz. Biz buna öz siyasətimizlə nail ola bilmişik. Çünki düşünülmüş siyasət aparırıq. Öz gücümüzə arxalanırıq, Azərbaycan xalqımızın iradəsi ilə idarə olunur. Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir. Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Bizim pravoslav rus icmamız pravoslav rus aləmində Azərbaycanla bağlı həqiqətləri çatdırır, təbliğ edir, izah edir. Bizim yəhudi icmamız bütün dünyada, Avropada, Amerikada, bütün digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırır. Bizi xaricdə ən çox dəstəkləyən yəhudi təşkilatlarıdır. Nəyə görə? Çünki birincisi, onların böyük əksəriyyəti Azərbaycandan köçüb gediblər. İkincisi, heç vaxt Azərbaycanla əlaqələri itirməyiblər. Üçüncüsü, onlar bilirlər ki, burada yəhudilər və bütün başqa xalqlar rahat yaşayırlar. Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da. Bizim siyasətimiz bundan ibarətdir. Bu, bizim birliyimizi daha da gücləndirir. Biz bütün bayramları bir yerdə qeyd edirik. Şeyx həzrətləri qeyd etdiyi kimi, İmamzadə hər bir müsəlman üçün müqəddəs yerdir. Biz hamımız, bax burada əyləşənlər nəinki orada iştirak etmişik, çıxış etmişik. Mən oraya ölkəmizin hər bir rayonundan nümayəndələr dəvət etmişdim ki, onlar gəlsinlər, o müqəddəs yerin bərpasından sonra açılışında iştirak etsinlər və bizim sözlərimizi eşitsinlər. Orada, müqəddəs yerdə bizim çıxışlarımız artıq bir siqnaldır, cəmiyyətə ünvanlanan bir siqnal. Bax, belə olmalıdır. Ayrı-seçkiliyə, ekstremizmə yol vermək olmaz. Biz ancaq birlikdə ölkəmizi gücləndirə bilərik, ancaq birlikdə xoşbəxt gələcəyə nail ola bilərik. Bizim üçün bu, həm həyat tərzidir, həm dövlət siyasətidir. Bu siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir, dəstəklənir.

Bu gün bu iftar mərasimində səslənən fikirlər çox dəyərli fikirlərdir. Bu mənalı və dəyərli fikirlər bizim birliyimizi daha da möhkəmləndirir. Ona görə biz gələcəyimizi bu müsbət nəticələr əsasında qururuq və uğurla qururuq. Keçən il və bu il ölkəmiz üçün sınaq ili olmuşdur. Çünki dünya iqtisadiyyatı hələ ki, böhran içindədir. Neftin qiyməti üç-dörd dəfə aşağı düşmüşdür. Ona görə, əlbəttə ki, bu, bizim üçün böyük bir sınaq idi. Ancaq biz bu sınaqdan şərəflə çıxırıq. Biz bu müddət ərzində görürük ki, cəmiyyət daha da sıx birləşib, həmrəylik daha da artıb. Bizim siyasətimizə daha da böyük dəstək görürük. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır, gücləndirir və yeni işlər görməyə sövq edir. 2016-cı il iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq. Gələn ildən isə bizim uğurlu iqtisadi inkişafımız davam edəcəkdir.
Bizim ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də Azərbaycanda yaşayan bütün millətlərin, konfessiyaların nümayəndələri bir nöqtəyə vurur. Yəni, bu, bizim ümummilli məsələmizdir. Hər bir Azərbaycan vətəndaşı hər gün çalışmalıdır və əminəm, çalışır ki, bu məsələ tezliklə öz həllini tapsın. Azərbaycan ərazisinin bir hissəsi uzun illərdir ki, işğal altındadır, torpaqlarımız zəbt edilib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarına görə, işğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Bizim tarixi binalarımız, qəbirlər, məscidlər ermənilər tərəfindən dağıdılıbdır. Bu, misli görünməmiş vəhşilikdir. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi yerləşir. Heç kim ona toxunmur, əksinə, təmir olunubdur. Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər tikilir. Bax, fərq bundan ibarətdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Tarixi ədalət də bizim tərəfimizdədir. Son vaxtlar bu məsələ ilə məşğul olan vasitəçilər, onların rəhbər şəxsləri qeyd edirlər ki, məsələ tezliklə həll olunmalıdır, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu müsbət qarşılayırıq. Ancaq belə bəyanatlar əvvəllər də verilmişdir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq neçə ildir ki, bəyanatlar verilir, amma bəyanatlardan sonra heç bir addım atılmır. Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Biz bunun tərəfdarıyıq. Həmişə bunun tərəfdarı olmuşuq.
Ancaq bununla bərabər, heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi.
Mən hesab edirəm ki, bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu. Eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər.
May ayında Vyanada görüş keçirildi. Gələn həftə Rusiyada, Sankt-Peterburq şəhərində görüş keçiriləcək. Bizim ümidlərimiz var ki, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər və tapmalıdır. Buna nail olmaq üçün Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir və bizim torpaqlarımızdan çıxmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var. Aprel hadisələri xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük dəstək göstərdi. Bu, xalqımızın mətinliyini, səviyyəsini göstərir.
Əminəm ki, biz bütün başqa sahələrdə də inkişaf yolu ilə gedəcəyik, getməliyik. Biz ölkəmizi inamla idarə edirik. Bir daha demək istəyirəm ki, iqtisadi və əlbəttə, enerji məsələləri həll olunur. Amma bizim əsas güc mənbəyimiz birliyimizdir. Bu gün bu salonda əyləşən insanlar Azərbaycan dövlətinin, xalqının birliyini nümayiş etdirirlər.
Hörmətli şeyx həzrətləri, mən bir daha sizə öz hörmətimi ifadə etmək istəyirəm. Minnətdarlığımı bildirmək istəyirəm ki, siz ənənəvi olaraq bizi iftar süfrəsinə dəvət etmisiniz. Burada əyləşənlərə yeni uğurlar, Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, inkişaf arzulayıram. Sağ olun.

AZƏRTAC