26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür

26 iyun 2020-ci il

17:00

Ümumbəşəri bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı hamılıqla qətiyyətli mübarizə aparılmalıdır

Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir

Birləşmiş Millətlər Təşkilatının 1987-ci il Konvensiyasına qoşulmuş dövlətlərin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən dünya əhalisi 26 iyun tarixini Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edir.
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlərin törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genofondun pisləşməsinə və bir çox ciddi fəsadlara gətirib çıxarır. Eyni zamanda cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını davamlı təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Azərbaycan Respublikası da beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə müvafiq konvensiyalara qoşulub. Ölkəmizdə dünya təcrübəsi nəzərə alınmaqla milli normativ hüquqi baza yaradılıb, təkmilləşdirilib və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb.
Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin mərkəzində daim insan amili dayandığından vətəndaşların hüquqlarının təmin edilməsi, rifahının yaxşılaşdırılması və sağlamlıqlarının qorunması prioritet istiqamətlər idi. Ona görə də hər üç istiqamət üzrə uğurların əldə edilməsinə əngəl yaradan faktorlardan biri olan narkomanlığa qarşı mübarizənin vacibliyi ön plana çəkildi. Ümummilli Liderin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli Fərmanı ilə əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edildi. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirildi, narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter aldı.
Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram” təsdiq olundu və səmərəli həyata keçirildi.
Ümummilli lider Heydər Əliyevin mükəmməl dövlətçilik strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində ildən-ilə daha da qüdrətlənən dövlətimiz narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı müvəffəqiyyətlə mübarizə aparır.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər üçün)”, 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və uğurla həyata keçirilib.
Həmçinin ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai maarifləndirmə işinin daha da genişləndirilməsi və bu sahədə digər zəruri məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə gənc nəslin sağlamlığının qorunması və onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərin də olduqca əhəmiyyətli olması xüsusi vurğulanmalıdır.
İnsanların sağlamlığını və həyatını, milli genofondu ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya çevrilmiş narkotiklərin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparmalıyıq.