Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır"

09 iyun 2020-ci il

21:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.
Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra tibb işçiləri ilə görüşündə dövlətimizin başçısı demişdir: "Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur".

daha ətraflı: prezident.az