9 May - faşizm üzərində Qələbə Günü - 75 il

Azərbaycan təhlükəsizlik  orqanlarının əməkdaşları şanlı Qələbənin qazanılmasına mühüm töhfələr veriblər

09 may 2020-ci il

09:00

Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.
Artıq 75 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.
Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…».
Xatırladaq ki, müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi. Düşmənin qəfil hücumu nəticəsində sovet ordusunun çoxlu sayda canlı qüvvəsi əsir alınmış, xeyli hərbi texnikası sıradan çıxarılmışdı. Faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı altında bütün Sovet xalqları birləşdi. Bununla da düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildilər.
Bu gün Qələbənin 75 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, «Fransanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə düşmüşdür.
Həmin illər dövlət təhlükəsizlik orqanlarının bir sıra əməkdaşları da könüllü olaraq cəbhəyə yollanmış, misilsiz şücaətlər göstərmişlər. Onlardan Əbdül Əliyevin, Həcər Əliyevanın, Əbdüləli Hacıyevin, Fərhad Əliyevin və başqalarının adlarını çəkmək olar. Əbdül Əliyev, Əbdüləli Hacıyev və Həcər Əliyeva müharibədən sonra vətənə dönmüş və dövlət təhlükəsizlik orqanlarında xidmətlərini davam etdirmişlər. Fərhad Əliyev isə 1943-cü ildə əsir düşmək təhlükəsi ilə üzləşmiş, düşmən əlinə keçməmək üçün özünü güllələmişdir.
Sonradan təhlükəsizlik xidməti polkovniki rütbəsinə qədər yüksəlmiş Əbdüləli Hacıyevin müharibə başlayanda 21 yaşı vardı. Azərbaycan Sənaye İnstitutunun 4-cü kurs tələbəsi idi. Alman faşistlərinin heç bir xəbərdarlıq etmədən SSRİ-yə basqını bütün yaşıdları kimi Əbdüləlinin də arzularını alt-üst etdi. «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı onun da həyat devizinə çevrildi. O da digər həmvətənlərimiz kimi ilk günlərdən Vətənin köməyinə tələsdi. 1941-ci ilin avqustunda ordu sıralarına çağırılan Əbdüləli Hacıyev 1946-cı ilin iyulunadək Zaqafqaziya cəbhəsindəki atıcı batalyonun tərkibində ağır döyüş yolu keçdi. Cəsurluğu, qorxmazlığı ilə fərqlənən gənc Əbdüləli döyüşlərin birində ağır yaralandı. Sağalandan sonra atıcı alayına tabor komandiri təyin edildi. Cəbhədə göstərdiyi fədakarlığa görə bir sıra yüksək mükafatlarla, o cümlədən «Şərəf» ordeni və çoxlu sayda medallarla təltif olunub.
Digər həmyerlimiz Əbdül Əliyev 1940-cı ildə əsgərliyə gedəndə ölkədə əmin-amanlıq idi. Heç kəsin xəyalına da gəlməzdi ki, tezliklə tufan qopacaq, Vətənin mərd oğulları hünər meydanında əsl sınaqdan keçəcəklər. 1940-cı ildə ordu sıralarına çağırılan Əbdül 1942-ci ildə Bakı Hərbi Dəniz Tibb Məktəbinin kursantlardan ibarət 34-cü bölməsinin tərkibində Şimali Qafqaz cəbhəsinə göndərilir. 1943-cü ilin avqustundan 823 saylı artilleriya alayının tərkibində döyüşür. Döyüşlərin birində ağır yaralanır. Sağalandan sonra onu ordudan tərxis etmək istəsələr də razılaşmır və alman-faşist işğalçılarına qarşı sonadək döyüşlərdə fəal iştirak edir, yalnız 1946-cı ilin noyabrında ordudan tərxis olunur. İki dəfə «Qırmızı Ulduz» ordeninə, «Berlinin alınmasına görə», «Varşavanın azad edilməsinə görə» və digər medallarla təltif edilir. Vətənə qayıtdıqdan sonra dövlət təhlükəsizlik orqanlarında çalışır və polkovnik-leytenant rütbəsində təqaüdə çıxır.
Müharibə başlayanda Həcər Əliyeva Dövlət Təhlükəsizlik Nazirliyində yenicə işə başlamışdı. İkinci cahan savaşı başlayanda digər könüllülər kimi Həcər də könüllü olaraq cəbhəyə getmək istədiyini bildirir. O, 1943-cü ildə 4-cü Ukrayna cəbhəsinə göndərilir. Ukraynadan-Berlinə qədər uzun, çətin və ağır bir döyüş yolu keçir. Bütün döyüş əməliyyatlarında fəallığı, cəsarəti, çevikliyi, bacarığı ilə seçilir. Təsadüfi deyil ki, Reyxstaqın divarları üzərində həkk olunmuş yüz minlərlə sovet hərbi qulluqçusunun adları arasında döyüşlərdə dəfələrlə şəxsi igidlik nümunəsi göstərən bu azərbaycanlı qızın da adı vardı. Həcər bu şərəfə qorxmazlığı, mərdliyi, vətənpərvərliyi ilə imza atmışdı. Həcər Əliyeva cəhbədə göstərdiyi şücaətə görə «Hərbi xidmətlərə görə», «Almaniya üzərində qələbəyə görə», «Qafqazın müdafiəsinə görə», «Böyük Vətən müharibəsində göstərdiyi əmək rəşadətinə görə» medalları ilə təltif olunub.
Fəxrlə qeyd etmək olar ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhə ilə yanaşı, arxa cəbhədə də yüksək peşəkarlıq nümunələri göstərmişlər. 1941-45-ci illər müharibəsi dövründə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları faşistlərin müxtəlif kəşfiyyat məktəblərini bitirmiş 200-dən artıq kəşfiyyatçı casuslarını aşkara çıxarmış və həbs etmişdir. Onlardan 31 nəfər Auşvis kəşfiyyat məktəbini, 25 nəfər Lyukenvald məktəbini, 12 nəfər Tavel məktəbini, 14 nəfər Zamberq məktəbini, 12 nəfər Tennel məktəbini bitirmiş, 13 nəfər Gestaponun, 6 nəfər isə «Dromidar-Abver» qrupunun casusu idi. Həmin dövrdə habelə döyüşən Sovet ordusunun arxasında təyyarə ilə göndərilmiş və faşistlərin kəşfiyyat tapşırıqlarını əməli surətdə həyata keçirən 37 casus aşkar edilmişdi. Müharibə illərində düşmən kəşfiyyatı Azərbaycan ərazisinə də təyyarələrdən paraşütlə casuslar göndərmişdir. Lakin Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşları daim sayıqlıq nümayiş etdirərək onları ifşa etmişlər. Məhz onların gərgin səyi və yüksək peşəkarlığı nəticəsində respublikanın rayonlarında və Bakı şəhərində 28 belə təxribatçı-casus tutulmuşdu.
Bütün bu casuslar dəmir yollarında, hərbi sənaye obyektlərində təxribat törətmək, kəşfiyyat məlumatları toplamaq və bu məlumatları faşistlərin kəşfiyyat mərkəzlərinə çatdırmaq tapşırıqlarını almışdılar. Həmin tapşırıqları yerinə yetirmək üçün onlar partlayıcı maddələrlə, silahla, qumbaralarla, müxtəlif saxta sənədlərlə və hər biri 10-15 min rubl məbləğində pulla təchiz olunmuşdular. Aşkar edilib tutulmuş bütün alman agentləri güllələnməyə məhkum olunmuş və hökm agentlərin tutulduğu rayonlarda yerli əhalinin iştirakı ilə yerinə yetirilmişdir.
İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik  tərbiyəsində mühüm amilə çevrilib. Ona görə də hər il 9 may - Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan silinməz və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.
Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur». Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır.