DTX-nin Heydər Əliyev adına Akademiyasında 28 May – Respublika günü münasibəti ilə təntənəli tədbir keçirilib

27 may 2016-cı il

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında 28 May – Respublika günü münasibəti ilə təntənəli tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edənlər bildiriblər ki, azadlıq, müstəqillik, istiqlal – bunlar hər bir xalq üçün yaranışdan ən böyük arzu, ən şirin nemətdir. Azərbaycan xalqı da daim bu amallara sadiq olaraq, ağır məhrumiyyətlərə sinə gərib, saysız-hesabsız qurbanlar verib, lakin müqəddəs mübarizəsindən heç zaman dönməyib. Bu gün dünyada söz sahibi olan güclü Azərbaycan dövləti və onun yenilməz iradəsi vardır. Müasir Azərbaycan Respublikası öz tarixi kökləri ilə 98 il əvvəl – 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində öz müstəqilliyini ilk bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik olan müstəsna hadisələrdən biri olmaqla yanaşı, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu idi. Lakin işğal nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Xalqımızın düşünən beyinləri uzun illər repressiyalara məruz qaldı. Tarixi yaddaşın silinməsi istiqamətində həyata keçirilən imperiya siyasəti belə xalqımızın azadlıqsevər müstəqillik arzularını söndürə bilmədi. Azərbaycanın böyük oğlu Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti bu arzuların həyata keçirilməsi üçün zaman-zaman mükəmməl zəmin yaratdı. Müasir dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün təhdidləri aradan qaldırdı, müstəqilliyimizi dönməz, əbədi etdi.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını yaradıcılıqla inkişaf etdirən, onun azərbaycançılıq xəttini daha da mükəmməlləşdirən möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, Azərbaycan getdikcə daha da qüdrətlənir. Xalqımızda Silahlı Qüvvələrimizin Ali Baş Komandanının möhkəm iradəsi və səyləri ilə ərazi bütövlüyümüzün tezliklə təmin olunacağına və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanacağına sarsılmaz əminlik vardır. Çıxış edənlər bu xüsusi təyinatlı ali təhsil ocağında yüksək peşəkarlığın sirlərinə nail olmaq məqsədi ilə tədris və təhsil sahəsində bütün səylərini səfər edəcəklərini, Ulu Öndər Heydər Əliyevin müstəqillik amallarına daim sadiq olacaqlarını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın tərəqqisi, güclənməsi və təhlükəsizliyi naminə inamla həyata keçirdiyi dövlətçilik siyasətinin uğurla davam etdirilməsi üçün dövlət başçımızın ətrafında bundan sonra da sıx birləşəcəklərini bildiriblər.