Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

25 fevral 2020-ci il

15:00

DTX-nin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan  “Xocalı faciəsini unutmayaq” adlı anım tədbiri keçirilib.
Əvvəlcə soyqırımı faktlarını əks etdirən təbliğat-təşviqat plakatları, müxtəlif foto və arxiv materialları, eləcə də kursantların və əməkdaşların əl işlərindən ibarət tərtib olunmuş fotostendlər və sərgi nümayiş etdirilib.
Anım mərasimi açıq elan olunduqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bır dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra erməni silahlı birləşmələri və quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən cinayət əməlləri haqqında xarici mətbuatda dərc edilən yazılar diqqətə çatdırılıb, kursantlar bu dəhşətli soyqırımına həsr olunan şeirləri müxtəlif xarici dillərdə oxuyublar.
Çıxışlar zamanı tədbir iştirakçılarına ekranda həmin qətliamdan sonra aparılan istintaq prosesində şahidlərin dindirilmə protokolları, eləcə də məhkəmə-tibbi ekspertizaların rəyləri nümayiş olunub.
Sonda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ağlasığmaz əzab və işgəncələrə, zülm və iztirablara məruz qalmış müharibə qurbanları olan azərbaycanlı qadın, uşaq və qocaların faciəsini əks etdirən “Bitməyən əzab” adlı sənədli film nümayiş olunub.