Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib

28 noyabr 2019-cu il

15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, görkəmli Azərbaycan yazıçısı, dramaturq, publisist və böyük ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı ölkəmizin müxtəlif elm və təhsil ocaqlarında silsilə tədbirlər keçirilir.
2019-cu il noyabr 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli iştirak etmişdir.
DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı Allahverən İsmayılov bu il dövlətimizin başçısının Sərəncamı ilə ölkəmizdə Azərbaycanın ictimai-siyasi həyatında, milli ədəbiyyatın yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayan, bənzərsiz publisist, dramaturq, jurnalist və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin təntənəli qeyd olunduğunu bildirmişdir.
Cəlil Məmmədquluzadə irsinin tanınmış tədqiqatçılarından olan akademik İsa Həbibbəyli görkəmli mütəfəkkirin Azərbaycan ədəbiyyatını yeni mərhələyə çatdırmasından, xalqın milli oyanışına və istiqlalına xidmət edən əsərlər yaratmasından danışmışdır.
“Molla Nəsrəddin” ədəbi məktəbilə yanaşı, Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının yaradıcısı olduğunu, satirik janrlı publisistikanın da əsasını qoyduğunu bildirən İsa Həbibbəyli, görkəmli dramaturqun milli ədəbiyyatımızda azərbaycançılıq ideyalarının və istiqlal düşüncəsinin ən qüdrətli carçılarından olduğunu qeyd etmişdir. Akademikin Cəlil Məmmədquluzadə yaradıcılığı haqqında verdiyi dolğun məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Sonda akademik İsa Həbibbəyli Azərbaycan ədəbi yaradıcılıq və publisistikasının tarixinin inkişaf mərhələləri barədə kursantları düşündürən sualları cavablandırmışdır.