Horadizdə keçirilən konfransda xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti və ona qarşı mübarizə tədbirlərindən bəhs edilib

28 noyabr 2019-cu il

15:40

Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə noyabrın 28-də Horadiz şəhərində keçirilən “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gənc nəslin maarifləndirilməsi” mövzularında konfransda səsləndirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, gənclər, ziyalılar, idarə, müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər. Rayon icra hakimiyyətinin nümayəndələri və DTX-nin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransın əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
DTX BATM-in rəisi Rəşad Camalov tədbiri açaraq, konfransın məqsədi barədə məlumat verib. 
Terrorçuluğun dövlətlər üçün əsas təhlükələrdən biri olduğunu deyən Mərkəz rəisi regionlarda davamlı olaraq keçirilən belə konfransların əsas məqsədinin təhlükəsizlik fəaliyyətinin təmin olunmasının müxtəlif sahələri ilə bağlı vətəndaşların, xüsusilə gənc nəslin maarifləndirilməsi və bu işdə onların rolunun artırılmasından, gənclərin Azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsindən ibarət olduğunu diqqətə çatdırıb.
Tədbirdə DTX-nin əməkdaşı Tural Məmmədov "Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti. Terrorçuluğa qarşı mübarizədə gənc nəslin maarifləndirilməsi" mövzusunda geniş məruzəsi edib. Məruzəçi slaydlardan istifadə etməklə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti, həmçinin onlara qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən aşkarlama, qabaqlama və qarşısını alma tədbirləri barədə ətraflı bəhs edib.
Konfransda dini ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlərdən də danışılıb. Bildirilib ki, xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin bir nümunəsi də dini ekstremizm fəaliyyətinin maliyyələşdirilməsi və yayılmasıdır. Dini ekstremizm - dini düşmənçilik, dini radikalizm və dini fanatizm respublikanın Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi, ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsidir.
Məruzədə xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya anlayışı barədə də tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbirdə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı kəşfiyyat-pozuculuq, terror-təxribat fəaliyyətindən bəhs edən "Heç vaxt gec deyil" adlı sənədli film nümayiş olunub.
Sonda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.