Qusarda keçirilən konfransda terrorçuluqla mübarizə sahəsində görülən işlərdən bəhs olunub

02 oktyabr 2019-cu il

13:25

Terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın üzləşdiyi əsas və daha təhlükəli problemlərdəndir. Azərbaycan Respublikası da terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir.
Bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə oktyabrın 2-də Qusar şəhərində keçirilən “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında elmi-praktik konfransda səsləndirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun rəhbər işçiləri, gənclər, həmçinin qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin nümayəndələri və DTX-nin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi də ehtiramla yad olunub.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
DTX BATM-ın rəisi Rəşad Camalov konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizə, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı gənclərin maarifləndirilməsi və bu mübarizədə onların rolunun artırılmasından ibarətdir. Qeyd olunub ki, dövlətin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bu məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
Konfransda DTX-nin əməkdaşı Tural Məmmədov “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” mövzusunda geniş məruzə edib. Məruzəçi slaydlardan istifadə etməklə müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər, həmçinin terrorizmin beynəlxalq coğrafiyası, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, terrorçuluq cəmiyyətdə qorxu və vahimə yaratmaq, insanları öz iradəsinə tabe etdirmək, siyasi hakimiyyət orqanlarına təsir və təzyiq vasitəsidir. Bu baxımdan əks-kəşfiyyat təhlükəsizlik sahəsində əsas istiqamətlərdən biridir və düşmənin kəşfiyyat-pozuculuq fəaliyyətinə, terror-təxribat əməllərinə qarşı yönəlib. Əks-kəşfiyyat fəaliyyətinin əsas məqsədi ölkəmizdə yaşayan və buraya göndərilən casusların və təxribatçıların müəyyənləşdirilməsi, terrorçuların aşkar və ifşa edilməsi, ölkə daxilində xüsusi təhlükəli cinayət törətmiş və ya bunu həyata keçirməyə hazırlaşan şəxslərə qarşı mübarizənin aparılmasından ibarətdir.
Terrorçu və ekstremist təşkilatların əlaqəsindən və şəbəkələşməsindən danışan Tural Məmmədov qeyd edib ki, bu gün müxtəlif cərəyanlara mənsub terrorçu və ekstremist təşkilatlar bir-biri ilə sıx əlaqə saxlayırlar. Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşma əleyhinə hərəkət, sağ və sol radikalizm və sair eyni terror zəncirinin halqaları olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayır.
Konfransda DTX-nin əməkdaşı Azər Əfəndiyev “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarda həyata keçirilən, daha hədələyici miqyas alan ciddi təhdidlərdən biridir. Terror aktları insan tələfatı ilə nəticələnir, geniş ictimaiyyətə güclü psixoloji təzyiq göstərir, dövlətlər arasında nifaq salır, müharibələrə, sosial və milli qruplar arasında inamsızlığın və nifrətin yaranmasına səbəb olur.
Diqqətə çatdırılıb ki, son illər ölkəmizdə yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə bağlılığın daha da güclənməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Lakin bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, görülən işlərə fəal töhfə verməlidir. Çünki düzgün və sistemli təbliğat işinin aparılmaması cəmiyyətdə ayrı-seçkiliyə və gənclərin yanlış istiqamətdə formalaşmasına gətirib çıxara bilər.
Qeyd olunub ki, dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gənclərin vətənpərvərlik ruhunda yetişmələri, onların Vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmaları istiqamətində çoxsaylı proqram və layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət göstərirlər.
Çıxışlardan sonra Azərbaycan təhlükəsizlik orqanlarının əks-kəşfiyyat və terrorçuluğa qarşı mübarizə tədbirlərindən bəhs edən sənədli film nümayiş olunub.