DTX-nin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə “Heydər zirvəsi”nə yürüş ediblər

09 may 2016-cı il

Yürüş iştirakçıları olan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.
Sonra Bakı şəhərindən Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb.
Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədi ilə həmin ərazidə düşərgə salınıb. Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə yüksək idman əhval-ruhiyyəsi ilə mayın 8-də Ulu Öndərin adını daşıyan “Heydər zirvəsi”nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər və Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.

Artıq xoş bir ənənəyə çevrilən bu cür tədbirlər müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir. Bu eyni zamanda, ölkəmizdə idmana, onun ekstremal növlərinə və gəncliyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.