15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14 iyun 2019-cu il

15:00

Tədbirdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, hüquq elmləri doktoru Əli Hüseynli, DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllim-professor və kursant heyəti iştirak ediblər.
Tədbiri giriş nitqi ilə DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı general-leytenant Əli Şəfiyev açıb.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Ə.Hüseynli çıxış edərək Akademiyanın kollektivini bayram münasibətilə təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmiş, respublika parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Ə.Hüseynli Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın zəfərlərinin bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş edilib.