“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” mövzusunda konfrans keçirilib

06 may 2016-cı il

Mayın 6-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” mövzusunda konfrans keçirilib.
DİA-da keçirilən konfransın məqsədi tələbələrin və gənclərin müharibə qurbanları, onların beynəlxalq humanitar sənədlərlə qorunan hüquqları və Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin pozulması faktları barədə məlumatlandırılması, onların bu sahəyə münasibətlərinin öyrənilməsi olub.
Konfransda Milli Məclisin deputatları, Dövlət Komissiyasının üzvləri, İşçi qrupunun əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının məsul əməkdaşları, DİA-nın professor-müəllim heyəti, tanınmış alimlər, tələbələr, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, müzakirə edilən mövzunun aktuallığından danışıb. Rektor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq müstəvidəki yeri barədə tələbələrin ətraflı məlumatlandırılması baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov mövzuya dair geniş məruzə ilə çıxış edərək Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı düşmən hərbçiləri və terrorçu quldur birləşmələri tərəfindən törədilmiş terror, soyqırımı, etnik təmizləmə, vandalizm halları, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı faktları diqqətə çatdırıb, Azərbaycan Prezidenti tərəfindən Komissiyanın qarşısında qoyulmuş konkret vəzifələrdən danışıb.
E.Səmədov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşdüyü, əsir və girov götürüldüyü müəyyən edilib. İndiyədək 1435 Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub. Hazırda Dövlət Komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Bunlardan 3094-ü hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan uşaqlar olub.
Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları alver predmetinə çevrilib. Belə ki, 69 vətəndaşımız böyük miqdarda pul ödənilməklə əsir və girovluqdan azad edilib. Eyni zamanda, 107 nəfər əsirlikdə olarkən məxfi əməkdaşlığa cəlb olunub.
İşçi qrupunun sədr müavini deyib: “Aprelin əvvəllərində Ermənistan-Azərbaycan qoşunların təmas xəttində baş vermiş döyüşlər zamanı Azərbaycan hərbçilərinin meyiti düşmənin nəzarətində olan ərazidə qalıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, aidiyyəti və beynəlxalq qurumlarla birlikdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilərək hərbçilərimizin meyitləri düşmənin nəzarətində olan ərazidən götürülüb. Lakin meyitlər götürülən zaman Ermənistan xislətinə uyğun olaraq əldə edilmiş atəşkəs rejimini pozaraq gizli videoçəkiliş aparmağa cəhd edib”.
Ermənistanın bir qayda olaraq təmas xəttində həlak olan insanların meyitlərini gizlədərək psixoloji təzyiq metodundan istifadə etdiyini vurğulayan E.Səmədov buna misal kimi 2010-cu ildə təmas xəttində şəhid olan Azərbaycan hərbçiləri Mübariz İbrahimovun və Fərid Əhmədovun meyitlərinin onlarda olmasını uzun müddət təkzib etməsini xatırladıb.
Dövlət Komissiyasının üzvləri - deputatlar Bəxtiyar Sadıqov, Çingiz Qənizadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi Rövşən Əzizov ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında danışaraq, bu qanlı əməllərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayıblar. Natiqlər bu istiqamətdə respublikamızda görülən işlərdən bəhs edib, tələbə və gəncləri bu məsələlərdə daha fəal olmağa çağırıblar.
Çıxışlardan sonra tələbə və gənclərin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
Sonda konfrans iştirakçıları mövzu ilə bağlı video və foto materiallarla tanış olublar. İştirakçılara Dövlət Komissiyası tərəfindən nəşr etdirilən kitablar və DVD-lər paylanılıb.