28 May - Respublika Günü münasibətilə tədbirlər keçirilib

28 may 2019-cu il

15:00

Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrində Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin, müasir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində müstəqillik, xarici siyasət, müdafiə, təhlükəsizlik və dövlət quruculuğunun digər həyati əhəmiyyətli sahələrində uğurla həyata keçirdiyi misilsiz işlər, eləcə də gənc respublikaya qarşı mənfur düşmənlər tərəfindən aparılan amansız terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətləri barədə danışılıb.
Çıxışlarda qeyd olunub ki, 101 il bundan öncə - 1918-ci il may ayının 28-də ölkəmizin müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edilib. Bu bir tarixi hadisə idi. Belə ki, müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Mövcud olduğu 23 ay ərzində Xalq Cümhuriyyəti ilk Parlamenti və Hökuməti təşkil edib, bayrağı, himni və gerbi yaradıb, bir sıra mütərəqqi qanunlar, o cümlədən qadınlara səsvermə hüququ verən qanun qəbul edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ötən əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra məhz Ümummilli Lider Heydər Əliyevin dərin zəkası və əvəzsiz xidmətləri nəticəsində dünya birliyində özünün layiqli yerini tutub, Üçrəngli Bayrağı əbədi olaraq yüksəklərə ucalıb.
Ulu Öndərin layiqli varisi möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində regionun lider dövlətinə çevrilmiş müstəqil Azərbaycan gündən-günə daha da inkişaf edərək qüdrətlənir. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına yüksəlib.      
Ötən il möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunub.
Tədbirlərin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırlanan “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.