Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

03 may 2019-cu il

15:00

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbəyə öz tarixi töhfələrini vermiş azərbaycanlı veteranlar növbəti dəfə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında kursantların görüşünə gəliblər.
Əvvəlcə İkinci Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nuru Məmmədov çıxış edərək, azərbaycanlı döyüşçülərin şücaətindən, o cümlədən Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov və İsrafil Məmmədov barəsində maraqlı məlumatlar verib. Faşizm üzərində Qələbədə Azərbaycan neftinin əhəmiyyətindən söhbət açaraq bildirib ki, görkəmli elm xadimi Yusif Məmmədəliyevin rəhbərliyi ilə kimyaçı alimlər tərəfindən təkcə yüksək oktanlı aviasiya benzini deyil, çoxsaylı partlayıcı vasitələr, 130 növ silah hazırlanıb və 9 növ benzin kəşf edilib.
Məruzəçi öz çıxışında Böyük Vətən müharibəsində xalqımızın qəhrəmanlıq göstərən digər oğul və qızları barədə danışaraq, təkcə Bakının müdafiəsi üçün Şimali Qafqazda aparılan əməliyyatlarda yüz minə qədər azərbaycanlının qəhrəmancasına həlak olduğunu diqqətə çatdırıb.
Böyük Vətən müharibəsi veteranı Ulduz Kəngərli Azərbaycanın vətənpərvər döyüşçülərinin igidliyindən söhbət açaraq, faşizm üzərində Qələbədə xalqımızın çox böyük payı olduğunu qeyd edib. O, ön cəbhədə igidlik nümayiş etdirən azərbaycanlılarla yanaşı,  arxa cəbhədə zəhmətkeş insanlarımızın fədakarlıq nümunələri barədə ətralı məlumat verib.
Sonda xatirə şəkilləri çəkilib.