Suraxanı məktəbliləri üçün interaktiv seminar keçirilib

02 may 2019-cu il

15:00

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti interaktiv seminar Suraxanı rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunub. Seminarı DTX-nin təcrübəli əməkdaşları və Akademiyanın peşəkar mütəxəssisləri aparıblar.
Şagirdlər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən “Şöhrət” muzeyi ilə tanış olublar.
Seminarın məqsədi gənclərin maarifləndirilməsi, onların şəxsiyyət kimi formalaşması, vətənpər­vərlik ruhunda tərbiyə olunması, onlarda dövlətə və dövlətçiliyə sədaqət hisslərinin aşılanması, gələcək həyatlarının sağlam əsaslar üzərində qurulmasına yardımçı olmaqdır. Seminarda şagirdlərə sosial şəbəkələrdən düzgün istifadə edərək yararlanmaq və onların mənfi təsirlərindən qorunmaq üçün zəruri olan biliklər çatdırılıb.
Akademiyanın rəis müavini Elşad Nəsirov qeyd edib ki, İKT-nin inkişafı fayda ilə yanaşı, təhlükələr də gətirir. Bu təhlüklərdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.
Seminarda Akademiyanın kafedra rəisi, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, İKT uzrə ekspert Y.Əməşovun, DTX-nin məsul əməkdaşı F.Quliyevin və digərlərinin aktual mövzularda məruzələri dinlənilib.
Şagirdlərə düzgün istifadə etdikləri təqdirdə sosial şəbəkələrin onların həyatına qata biləcəyi müsbət amillər, yeniliklər və ifrat dərəcədə istifadə olunduqda isə psixoloji, mənəvi, fiziki durumuna yetirə biləcəyi zərərlər izah olunub. Seminar şagirdlərin yaxından iştirakı ilə interaktiv müzakirələrlə davam edib.