“Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının inkişafında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib

07 may 2019-cu il

15:00

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyuldu, əziz xatirəsinə ehtiram bildirildi. 
Konfransın plenar iclasını giriş nitqi ilə DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı general-leytenant Əli Şəfiyev açıq elan etdi, Ümummilli Liderimizin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan, müstəqil dövlətin qurulmasındakı xidmətlərindən danışdı.
Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən qısametrajlı film nümayiş olundu.
Sonra DTX-nin Heydər Əliyev adına Akademiyasının rəis müavini Elşad Nəsirov “Heydər Əliyev və Azərbaycan Respublikasında konstitusionalizmin inkişaf tendensiyası” mövzusunda çıxış etdi. Natiq Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlardan, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundakı rolundan, Azərbaycanın hüquq sisteminin formalaşmasında, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində atdığı qətiyyətli addımlardan bəhs etdi. Məruzəçi Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ictimai həyatın bütün sahələrində islahatların həyata keçirildiyini və Azərbaycan xalqının Ümummilli Liderinin siyasi kursunu dəstəklədiyini vurğuladı.
Konfransda Akademiyanın baş müəllimi, s.e.ü.f.d. K.Şıxıyeva və kursant M.Fərəczadə Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi inkişaf yolu, Azərbaycan Xalq Cümhuriyyəti, sovet və müasir dövrləri, xüsusilə Ulu Öndərin bu orqanlarda milliləşdirmə siyasəti barədə məruzələrlə çıxış etdilər. Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gəldikdən sonra diqqət mərkəzində olan çox ciddi məsələlərdən birinin - ordunun yenidən qurulması, Silahlı Qüvvələrin inkişaf etdirilməsi, ölkənin ərazi bütövlüyünün təmin edilməsi barədə ətraflı məlumat verdilər.
Daha sonra konfrans bölmələr üzrə işini davam etdirdi.