Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi təntənəli qeyd edilib

07 may 2016-cı il

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunan təntənəli mərasim DTX-nin Mədəniyyət Mərkəzində davam etdirilib. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən natiqlərin məruzələrində qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin, milli ruhun və milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, sonradan onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub. 1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev xalqının dəstəyi, öz şəxsi qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirdi və beləliklə, yenicə müstəqilliyini qazanmış ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi. Bildirilib ki, bu gün müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq nüfuzu, ümumxalq məhəbbəti belə deməyə əsas verir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Möhtərəm Prezidentimizin müdrik, praqmatik, son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, iqtisadi-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin nüfuzu dünyada ildən-ilə artır. Mütərəqqi beynəlxalq ictimaiyyət və mötəbər qurumlar Ermənistanın işğalçı və təcavüzkar siyasətini birmənalı şəkildə pisləyir, Azərbaycanı regionda lider dövlət kimi tanıyırlar. Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi və Prezidentimiz möhtərəm İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən uzaqgörən inkişaf xəttinin möhtəşəm təntənəsidir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin amalları, bütün həyatını həsr etdiyi, canından artıq sevdiyi, qurub yaratdığı Müstəqil Azərbaycan yaşayır və daim inkişaf edir. Heydər Əliyevin ad gününü təntənəli şəkildə bayram edən Azərbaycan xalqı Ulu Öndərin ölməz xatirəsinə hədsiz ehtiram bəslədiyi kimi, onun siyasi varisi, sevimli Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən azərbaycançılıq siyasətinə də böyük inam bəsləyir və ürəkdən dəstəkləyir.
Qeyd olunub ki, bizim və gələcək nəsillərin Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu Öndərin həyatı bahasına qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, fədakarlıqla çalışmaq, dövlətimizin qüdrətlənməsinə sədaqətlə xidmət etməkdir. Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrinin əməkdaşları arasında DTX-nin İdman və Sağlamlıq Mərkəzində keçirilmiş idman turnirinin qalibləri mükafatlandırılıblar. Təntənəli mərasim incəsənət nümayəndələrinin, eləcə də DTX-nin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Musiqi məktəbinin şagirdlərinin Vətənpərvərlik mövzusunda çıxışlarından ibarət bədii proqramla davam etdirilib.