“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminar keçirilib

30 aprel 2019-cu il

11:45

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası Bakının orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar keçirir.
Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən seminarlardan biri aprelin 30-da Nərimanov rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün DTX-nin Heydər Əliyev adına Akademiyasında təşkil olunub.
Seminarın məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərin və əxlaqi irsin qorunması ruhunda tərbiyələndirilməsi, onların tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının peşəkar mütəxəssisləri, ümumtəhsil müəssisəsinin şagirdləri və digər qonaqlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Akademiyadakı “Şöhrət” muzeyi ilə tanış olublar. Unikal məzmuna və nəfis tərtibata malik “Şöhrət” muzeyi ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, burada nümayiş olunan nadir eksponatlar, sənədlər və arxiv materialları ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü və onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir.
Sonra mövzu ilə bağlı film nümayiş olunub.
Akademiyanın rəis müavini Elşad Nəsirov seminarın açılışında çıxış edərək mövzu üzrə ətraflı məlumat verib. Bildirib ki, dövlətimiz tərəfindən müasir texnologiyaların inkişafına böyük sərmayələr qoyulur. Bu gün ölkəmizdə ictimai həyatın elə bir sahəsi yoxdur ki, İKT-nin nailiyyətlərindən istifadə olunmasın. Hazırda üç peyki olan Azərbaycan dünyada kosmik ölkələr sırasına daxil olan nadir dövlətlərdəndir. Respublikamızda informasiya texnologiyalarının yeniliklərindən geniş istifadə olunduğunu vurğulayan E.Nəsirov deyib: “Lakin bu sahədə inkişaf heç də həmişə problemsiz ötüşmür. Bizim üçün təhlükəli olan informasiyaların əldə olunması asanlaşır. Həmin məhdudiyyətsiz məlumat bolluğunun qurbanları isə əsasən uşaqlar və gənclərdir. Bu kimi halların qarşısını almaq məqsədilə internetin, sosial şəbəkələrin ancaq müsbət imkanlarından istifadə etmək lazımdır. Bu sahədə ictimai maarifləndirilmə isə mühüm əhəmiyyət kəsb edir”.
Nərimanov rayonunun 23 ümumtəhsil müəssisəsinin 60-dan çox şagirdinin iştirak etdiyi seminarda Akademiyanın kafedra rəisi, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, ekspert-hüquqşünas E.Balacanovun, DTX-nin məsul əməkdaşı F.Quliyevin, Akademiyanın informasiya təhlükəsizliyi ixtisası üzrə kursantı A.Yusiflinin “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Müasir gəncliyimiz və sosial şəbəkələr: qazandığımız və itirdiyimiz” və digər aktual mövzularda məruzələri dinlənilib.
Maraqla qarşılanan seminar çərçivəsində şagirdlərin bilavasitə qatıldıqları müzakirələrdə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.
Növbəti seminarın mayın 2-də Suraxanı rayonunun məktəbliləri üçün keçirilməsi nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=1nrkPzQ2sYg
https://www.youtube.com/watch?v=OnXxSM8OlH8