Prezident İlham Əliyev: “Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir”.

26 aprel 2019-cu il

17:20

Aprelin 26-da Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir.
Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar. “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunacaq.
Forumun ikinci hissəsi dövlət başçıları səviyyəsində “Daha parlaq birgə gələcəyin qurulması” mövzusuna həsr olundu.
Dövlətimizin başçısı yüksək səviyyəli bu görüşdə çıxış edərək demişdir: "Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etmişdir. Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək etmişdir. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir".

Daha ətraflı...