“Aprel döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib

05 aprel 2019-cu il

15:00

Tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbiri açıq elan edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı general-leytenant Əli Şəfiyev 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirib. Qeyd olunub ki, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının 2000 hektardan çox ərazisinin işğalçılardan azad edilməsi, həmin ərazilərin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi nəticəsində qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıb: “Erməni siyasətçilərinin uzun illər öz ordusu haqqında yaratdığı “keçilməz erməni səngərləri” mifi alt-üst edildi. Həmin günlər Azərbaycan xalqının tarixində şanlı “Aprel döyüşləri” günü kimi yadda qaldı. Aprel döyüşləri xalqın Prezidentimizin ətrafında sıx birliyinin ifadəsi, eləcə də milli ordumuzun zəfər yürüşüdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlətimizin başçısının Azərbaycan ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup həbçi ilə görüşündə də qeyd etdiyi kimi – “Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır”.
Tədbirdə Aprel qaziləri – ehtiyatda olan kapitan Hikmət Məmmədov və ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev Aprel döyüşləri haqqında danışıblar.
Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən bəhs edərək, Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının, müdafiə imkanlarının xeyli zəif olduğunu, Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi əks-hücum nəticəsində onlara sarsıdıcı zərbələr vurduğunu və hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında 50-ci yeri tutduğunu bildiriblər.
Aprel qaziləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə, şəhid ailələri ilə mütəmadi keçirdiyi görüşləri, onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər: “Əgər cənab Ali Baş Komandan əmr edərsə, yaralanmağımıza baxmayaraq, yenə də torpaqlarımızın azadlığı uğrunda qanımızın son damlasına qədər döyüşməyə hazırıq. Biz torpaqlarımızı erməni vandallarının ayaqları altında qalmasına yol verməyəcəyik. Bizim şəhid yoldaşlarımızın ruhu o zaman dinclik, rahatlıq tapar ki, ərazi bütövlüyümüz təmin edilsin”.
Qazilərin çıxışından sonra Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbirin sonunda qazilərə hədiyyələr təqdim edilib.